Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayev yazır: Düşmənə gözdağım: Naxçıvanım



Newscenter.az.9.02.2021. Bu gün müstəqil Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 97 ili tamam olur. Azərbaycanın dövlətçilik tarixində Naxçıvan Muxtar Respublikasının mühüm yeri və rolu vardır. Çoxəsrlik dövlətçilik ənənələri, sivilizasiya və tarix-mədəniyyət beşiyi olan Naxçıvan ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatına zəngin töhfələr vermiş, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə sosial-iqtisadi, ictimai-siyasi həyatımızda əvəzsiz rol oynamışdır. Naxçıvan Azərbaycana, dünyaya, xalqımızın böyük və əvəzedilməz, görkəmli şəxsiyyəti olan Ümumimlli lider Heydər Əliyevi bəxş etmişdir.

Ermənistanın daşnak-terrorçuluq siyasətində Azərbaycanın digər bölgələri kimi Naxşıvana qarşı da hər zaman ərazi iddiları yer almış, XX əsrin əvvəllərində - 1918-1920-ci illərdə bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da azərbaycanlılara qarşı qanlı cinayətlər törətmiş və orada yaşayan əhalinin soyqırımını təşkil etmişlər. Ermənilərin Naxçıvanı ələ keçirmək cəhdləri qəhrəman və cəsur naxçıvanlılar tərəfindən qətiyyətlə alınmış, düşmənə sarsıdıcı zərbələr vurulmuş, doğma torpaqlardan qovulub çıxarılmışdır. Naxçıvan bölgəsinin erməni silahlı qüvvələrinin təcavüzündən müdafiəsində qardaş Türkiyənin köməyini də xüsisi dəyərləndirmək lazımdır. Qars müqaviləsinin imzalanmasından Naxçıvanın etibarlı müdafiəsi üçün güclü zəmin yaranmış, Azərbaycanın ərazisi kimi 1924-cü ildə Muxtar Respublika təşkil edilmişdir.

Sovet imperiyasının dağılmasından və Azərbaycana rəhbərlik edən yarıtmaz, səriştəsiz rəhbərlərin bacarıqsızlığı ucbatından ötən əsrin 90-cı illərində Naxçıvan yenidən təhlükə ilə üzləşmişdi. Ermənilər yenidən ərazi iddiası ilə çıxış edirdi. Ermənilər məqsədli şəkildə Naxçıvanı blokadaya salıb, bu qədim Azərbaycan torpağını ələ keçirmək üçün yenidən məkrli planlar həyata keçirmək istəyirdilər. Belə bir çətin dövrdə Ulu öndər Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi Muxtar Respublikanı işğaldan qorudu.

Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında 1992-ci ilin martında əsası qoyulan əlaqələrlə “Bir millət, iki dövlət” anlayışının reallığa çevrilməsi mərhələsi başlandı. Ulu öndər Heydər Əliyevin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyədə səfəri çərçivəsində “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu”nu imzalaması əsil qardaşlıq nümunəsi oldu. Qısa zamanda Naxçıvanla Türkiyə arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanıldı və mayın 28-də istifadəyə verildi. Türkiyənin Baş naziri Süleyman Dəmirəlin və Heydər Əliyevin açılışını etdiyi körpü “Ümid” körpüsü kimi tarixə düşdü. Bu körpü Naxçıvanın blokadasını qismən aradan qaldırmaqla yanaşı, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının başlanğıc nöqtəsidir.

Respublikamızın müstəqillik tarixinin başlanğıc nöqtəsi də məhz Naxçıvandır. Böyük dövlət xadimi Heydər Əliyev 1990-cı il iyulun 22-də doğma Naxçıvana pənah aparması ilə Azərbaycanın ictimai-siyasi həyatında dönüş nöqtəsi yaranmışdır.1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada on minlərlə naxçıvanlının təkidi ilə Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi Azərbaycanın siyasi həyatında möhtəşəm bir mərhələnin başlanğıcı qoyulmuşdur. Müstəqil Azərbaycanın simvollarından olan üçrəngli bayrağımız ilk dəfə məhz Ulu öndər tərəfindən Naxçıvan Ali Məclisində dalğalanmışdır. Azərbaycan tarixinin şərəf və qürur salnaməsi olan 1992-ci il noyabrın 21-də Naxçıvanda Ulu öndər tərəfindən Yeni Azərbaycan Partiyasının əsası qoyulması ilə müstəqli Azərbaycanın milli dövlətçiliyin bərpası istiqamətində həlledici mərhələ başlanmışdır.

Ulu öndərin qətiyyəti sayəsində blokada şəraitində olan bu bölgənin dağılmış iqtisadiyyatını yenidən bərpa etmək mümkün olmuş, Naxçıvanla qonşu İran və qardaş Türkiyə ilə əlaqələrin yaradılması 1993-cü ildən sonra bölgənin ərzaq, enerji təminatı məsələlərinin həllinə, ölkənin paytaxtı ilə hava yolu əlaqəsinin genişləndirilməsinə, aqrar və sənaye, digər iqtisadi islahatların aparılması Muxtar Respublikanın etibarlı müdafiəsini və inkişafını artırmışdır.
Prezident İlham Əliyevin Muxtar Respublikaya hər zaman yüksək diqqət və qayğı göstərmiş, ötən 18 il ərzində Muxtar Respublikaya 10-dan artıq səfər etmiş, hər zəfəri sevins hissi və əlamətdar hadisələrlə yadda qalmışdır. Cənab İlham Əliyev Naxçıvanda 100-dən çox mühüm obyektlərinin açılışında iştirak etmiş, Onun müəllifi olduğu uğurlu inkişaf strategiyası Naxçıvanda aparılan genişmiqyaslı, möhtəşəm abadlıq-quruculuq işlərinə öz zəngin töhfələrini verməkdədir.

Azərbaycanın Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti sayəsində Naxçıvanın zəngin maddi və milli dəyərləri dünyada tanıdılmış, Naxçıvanın ənənəvi qrup rəqsləri – yallı, köçəri, tənzərə təşkilatın Təcili qorunma ehtiyacı olan qeyri-maddi irs siyahısında yer almışdır.

Naxçıvanın inkişafında Muxtar Respublikanın Ali Məclisinin Sədri Vasif Talıbovun fədakar yorulmaz fəaliyyəti də mühüm yer tutur. 1995-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Vasif müəllim hər zaman Azərbaycan xalqına, Dövlətinə və Prezidentinə sədaqətlə xidmət göstəribdir. Səmərəli və yorulmaz fəaliyyəti ilə Ulu öndərin və Prezident İlham Əliyevin dərin etimadını doğruldubdur

Azərbaycanın Vətən müharibəsini qələbə ilə başa çatdırması və Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunması Naxçıvan üçün də mühüm əhəmiyyət kəsb edir. Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış tarixi bəyannamənin mühüm bəndlərindən biri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiyalarının bərpasının təmin edilməsidir. Azərbaycanun rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi təmin ediləcək, eyni zamanda yeni regional nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.
Şərqlə Qərbin astanasında mühüm mövqe tutan Naxçıvan Muxtar Respublikasının postblokada dövründə yeni inkişaf mərhələsi başlayacaq. Muxtar Respublikasının bölgədə bütün ölkələrlə geniş əməkdaşlıq platforması, yaxın iqtisadi əlaqələr üçün etimad mühiti bərqərar olacaqdır. Nəqliyyat və kommunikasiyaların yaradılması Azərbaycanın Naxçıvan üzərindən Türkiyə ilə birbaşa əlaqəsini yaradacaq. Bu, Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin artmasına, yük daşınmalarının daha asan və rahat şəkildə həyata keçirilməsinə səbəb olacaq. Nəticədə Naxçıvan mərkəzi logisgtika qovşağı kimi inkişafını daha da sürətləndirəcək.

Vaqif Abdullayev-sabiq deputat, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş