Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xocalıya ədalət niyə verilmir?



Newscenter.az.26.02.2021. Biz illərdir ki, insanlıqdan dəm vuran, işinə gələndə yer üzündə hərərkət edə bilən və ya bilməyən bütün canlıların hüquqları uğrunda hər şey edən dünyadan Xocalıya ədalət istəyirik! O Xocalıya ki, ona qiymət verilmədən insanlıq, haqq, ədalət və yaxşı heç nə ola bilməz! Ona etinasızlıq, ona laqeydlik və ona dair məlumatları eşidib, oxuyub və ya bilib hərəkətsizlik etmək insanlıq, hüquq və ədalət adına ən böyük təhqirdir!

Bəs bunları bizdən də yaxşı bilən və Xocalı qətliamından daha kiçik hadisələrə bəzən bir neçə gün və ya bir neçə saat ərzində ən amansız şəkildə reaksiya verən dünya niyə hələ ki, buna səssiz qalmaqdadır?!Ona görə ki, dünya ədalətli yox, siyasi dünyadır! Dünya siyasət də yürütmür, əsl riyasət yürüdür! Hər şey yalan, saxtakarlıq və şəxsi maraqlar uğrunda qurulub!

Bilirsinizmi İkinci Qarabağ müharibəsinə qədər ermənilər və onların dəstəkçiləri bizə nə deyirdilər?! Müharibədir və belə hadisələr müharibələrdə olur! Bəs 44 gün davam edən və elə Xocalı soyqırımının da daxil olduğu Birinci Qarabağ müharibəsi ilə eyni areala malik son müharibə ilə biz onlara nəyi sübut etdik?! Bəli müharibədir və müharibədə əsgər əsgəri öldürməlidir, körpəni, hamilə qadını və ya ahıl insanları deyil! Biz, böyüyəndə erməni əsgəri olacaq körpəni, düşmən əsgərini doğub böyüdən erməni qadınını və ya zamanında bizə silah tuşlamış ahılları öldürməməklə onlara acımadıq! Biz bununla hətta ən amansız döyüşlər zamanı belə Xocalını düşündük və bir gün ona ədalət ala bilmək üçün səbr etdik! Biz erməni vandallarından fərqimizi ortaya qoyduq! Biz onlarla fiziki olaraq eyni dünyanı bölüşməyimizə, eyni havanı udmağımıza baxmayaraq bundan başqa heç bir eyniliyə malik olmadığımızı isbat etdik!

Bu gün biz həm döyüşdə, həm müharibədə və həm də masada qalib gəlməyimizə baxmayaraq hələ ki, ədalət məsələsində qalib gələ bilməmişik. Ancaq xalq olaraq inanırıq və ümid edirik ki, bu məsələdə də haqqlı, ədalətli və güclü mövqeyimizi tam şəkildə ortaya qoyub qalib gələrik. Hətta dünya bundan sonra da bu məsələdə eyni səssizliyi davam etdirsə belə. Biz öz gücümüzlə bu məsələdə də qalib gəlmək iqtidarındayıq ki, dünyada analoji və oxşar nümunələrin şahidi olmuşuq.

İkinci dünya müharibəsi zamanı yəhudi əslli vətəndaşların qatili olmuş Adolf Eyxman İsrail xüsusi xidmət orqanları tərəfindən müharibədən 15 il sonra uzaq Argentinadan oğurlanaraq İsrailə gətirlib mühakimə edildi. Bu qeyri rəsmi əməliyyatı Arqentina dövləti pisləsə və İsrail dövlətini günahlandırsa da, sonradan baş vermiş soyqırımı səbəbindən İsraildən üzr istədi.

“Lion qəssabı” təxəllüsü ilə tanınan Klaus Barbi müharibədən 38 il sonra gizləndiyi Boliviya dövləti tərəfindən Fransaya təhvil verildi. Fransada mühakimə edilib ömürlük azadlıqdan məhrum olundu və 1991-ci ildə həbsdə öldü.

Bu nümunələri gətirməklə demək istəyirəm ki, 44 günlük müharibə üçün 26 il gözləyən və sonda düşmənin başını əzən dövlətimiz bu məsələdə də addım atacaq. Dünyadan tələbimiz odur ki, bütün digər qətliamlarda və Xocalı soyqırımında iştirak edənlərin hamısı mühakimə olunmalıdır. Xüsusilə də, qətliama rəhbərlik edənlər kimi Köçəryan, Sarkisyan, Ohanyan, Zori Balayan və adı gizlədilən 366-cı motoatıcı alayın rəhbəri ən sərt şəkildə cəzalandırılmalıdır! “Ədalətli” dünya bunu etməsə də haqlı və güclü Azərbaycan özü bunu edəcəkdir! Yalnız bundan sonra, biz o Ananın 29 ildir ki, göylərə ucalan harayını xəfiflədə və Xocalıya tələb etdiyimiz ədaləti əldə edə biləcəyik!

Xəyal Bəşirov-siyasi şərhçi
Xəbəri paylaş