Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün Biznes Təhsili” layihəsinin növbəti kursu başa çatdı



Newscenter.az.6.04.2021. Bakı Ali Neft Məktəbinin (BANM) və bp şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün Biznes Təhsili” layihəsinin növbəti mərhələsi uğurla başa çatıb.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, layihənin məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının genişləndirilməsidir. Kursda iştirak etmək üçün ümumilikdə 300 nəfər müraciət edib. Bakı Ali Neft Məktəbinin 4-ci və 5-ci kurs, digər ali təhsil müəssisələrinin isə 3-cü və 4-cü kurs tələbələrindən ibarət 80 nəfərlik iştirakçı kursda iştirak etmək üçün seçilib.

İştirakçılar Bakı Ali Neft Məktəbini, Azərbaycan-Fransız Universitetini (UFAZ), Bakı Mühəndislik Universitetini, Memarlıq və İnşaat Universitetini, Xəzər Universitetini, Bakı Dövlət Universitetini, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri olub.
6 modulu (“Prezentasiya və kommunikasiya bacarıqları”, “Layihə idarəetməsi”, “Vaxtın idarəedilməsi və səmərəlilik”, “Risklərin idarəedilməsi”, “Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş”, “İnsan resurslarının idarəedilməsinin əsasları və liderlik”) əhatə edən kurs tam olaraq ingilis dilində aparılıb.

Kursun başa çatması ilə bağlı keçirilən mərasimdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, “bp Azərbaycan” şirkətinin Tədbirlər və Brend Kommunikasiyalar üzrə meneceri Zaur Cəbrayıl və kursu uğurla başa vuran tələbələr iştirak edib.

Təlimləri müvəffəqiyyətlə bitirən iştirakçılara Bakı Ali Neft Məktəbi və bp-nin birgə sertifikatları təqdim edilib.

R.Mehdiyeva
Xəbəri paylaş