ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

DGK-nın “Ticarət Statistikası Portalı” layihəsinin təqdimatı keçirilib

7-04-2021, 13:52



Newscenter.az.7.04.2021. Aprelin 7-də Dövlət Gömrük Komitəsinin “Ticarət Statistikası Portalı” layihəsinin təqdimatı keçirilib.

Newscenter.az-a DGK-dan bildirilib ki, Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən təqdimat mərasimində Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi Anar Süleymanov, Komitənin aidiyyəti strukturlarının əməkdaşları və jurnalistlər iştirak edib.

Anar Süleymanov bildirib ki, Dövlət Gömrük Komitəsi sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, xarici iqtisadi ticarət fəaliyyəti zamanı şəffaflığın təmin edilməsi, gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirilməsi məqsədilə mütəmadi olaraq informasiya texnologiyalarına əsaslanan innovativ layihələr həyata keçirir. “Ticarət Statistikası Portalı” da gömrük orqanları tərəfindən hazırlanan növbəti layihədir.

Vurğulanıb ki, “Ticarət Statistikası Portalı”nı yaratmaqda əsas məqsəd maraqlı tərəflər üçün Azərbaycan Respublikasının ticarət dövriyyəsini vizual olaraq sadə və maraqlı şəkildə təqdim etməkdir.

Anar Süleymanov diqqətə çatdırıb ki, bu portal Xarici İqtisadi Fəaliyyət iştirakçılarına ölkədəki bazarı təhlil etmək, eyni zamanda, vahid rəqəmsal məkanda statistik məlumatları əldə etmək imkanı verəcək. Portal sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən maraqlı tərəflərə statistik məlumatları təqdim edərək onların daha dəqiq biznes araşdırması aparmasına dəstək olacaq. Bu da öz növbəsində ticarətdə rəqabət qabiliyyətliliyin artırılmasına zəmin yaradacaq.

O da qeyd olunub ki, portalin təqdim etdiyi digər yenilik Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının və ixrac gömrük rüsumlarının dərəcələri haqqında məlumatları daha müasir formatda maraqlı tərəflərə çatdırmaqdır. Eyni zamanda, sahibkarlıq fəaliyyəti ilə bağlı idxal və ya ixrac zamanı malların rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər və sənədi verən orqanın adı portal vasitəsilə publik qaydada təqdim olunur.

Daha sonra Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Eldar Abbasov xüsusi təqdimatla portal barədə ətraflı məlumat verib.

“Ticarət Statistikası Portalı”nı Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi hazırlayıb və portala “www.stats.customs.gov.az” elektron ünvanı vasitəsilə daxil olmaq mümkündür.

Sevinc

Oxşar xəbərlər
SON XƏBƏRLƏR