Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbin və dünyanın müəmmalı "erməni sevgisi"nin SƏBƏBİ



Newscenter.az.1.05.2021. Hələ də bizim cəmiyyətimizdə bir çoxları 44 günlük müharibə dövründə bizim hansı quvvələri məğlub etdiyimizi anlamır və ya anlamaq həvəsində deyil. Kimlərə və necə zərbə vurduğumuzu dərk ermir ya etmək istəmir. Ermənistan və ermənilər bu məkrli quvvələrin sadəcə görünən tərəfi və ya tilova keçirilmiş yemdirlər. O qarmağı əlində tutub məqamı gözləyən əsl güclər pərdə arxasında qalıb. Ancaq hazırki məqamda Ermənistanın Azərbaycan tərəfindən passiv vəziyyətə gətirilməsindən sonra isə onlar özlərini büruzə verməkdədirlər.

Bilirdiniz ki, ABŞ-ın dünyada ən böyük səfirliyi və böyüklüyünə görə isə ümumi olaraq dünyanın ikinci ən böyük dipolmatik korpusu Ermənistanın paytaxtı İrəvanda yerləşir? Hələ rəsmi məlumata görə 500 nəfər əməkdaşı olan bu qurum ayrıca bir şəhərcikdən ibarətdir. Bəli, əslində heç bir iqtisadi potensialı və heç bir resursu olmayan, ərazi və əhalisinə görə də çox kiçik və yoxsul olan Ermənistanda nə gərək var belə bir diplomatik orduya? Təbii ki, ən sadəlövh insan belə oradakı yüzlərlə insanın dplomat olmadığını və əslində regiona yerləşdirilmiş nəhəng bir agentura və xəfiyyə şəbəkəsi olduğunu bilir. Bəs o zaman niyə Ermənistan və ermənilər?!

Ümumiyyətlə bu barədə çox bəhs olunub ki, ermənilərin bu regiona köçürülməsi uzun illərin planıdır. Və əslində bu planın ermənilərlə heç bir əlaqəsi yoxdur! Sadəcə mövqe olaraq indiki Ermənistan ərazisi seçilib. Hər bir halda bu planın bizim regionun Qərb dünyası üçün necə önəmli olması ilə bağlı Bjezinskinin, Kissincerin və qərbin bir çox önəmli siyasət admalarının tövsiyə və vəsiyyətləri ilə əlaqəli olduğunu düşünürəm. Zamanında dünyada və bu regionda gücə sahib olan və hegemonluq edən Rusiya, Türkiyə və İranın imperiya maraqlarının toqquşduğu məkan kimi Cənubi Qafqaz indi də daha qlobal səviyyədə güclərin hədəfindədir.

Ermənistana və ermənilərə gəldikdə isə bu heç bir böyük güc sahibi olan dövlətin və quvvənin ermənilərə səmimi sevgisi deyil. Sadəcə tarixboyu ermənilərin marionetka rolunu ən ideal şəkildə oynamaları ilə bağlı fikirlərə əsaslanıb onların üzərində seçim edilib. Məhz bu səbəbdəndir ki, utopik və real olmayan arzularla qarnı doydurulan bu toplum hər bir xəyanətə və satqınlığa getməyə hər an hazırdır. Elə buna görə də zamanında bu seçim digərlərinin deyil, erməni toplumunun üzərində edilib.

Ancaq ikinci Qarabağ müharibəsi, onun nəticələri və ondan sonra baş verənlər Ermənistan cəmiyyətində bir yorğunluğun, süstlüyün və peşmançılığın yarandığını göstərir. Xüsusilə də, bu müharibədən sonra Azərbaycan Prezidentinin hətta qələbəmizə rəğmən erməni cəmiyyətinə təsirli və mövcud nifaqı aradan qaldırmağa yönəlmiş çağırış və mesajları bu məsələdə ciddi rol oynadı. Təbii ki, kənardan idarə olunan planın ölkə daxilindəki idarəçiləri olan cinayətkar qrupun müqaviməti də var. Ancaq o müqavimət də qırılmaqdadır. Bu yalnız zaman məsələsidir ki, Prezident İlham Əliyev də əksər çıxışlarında hələ ki, qalmaqda olan bəzi problemlərin həllində bizim əsas rəqibimizin zaman olduğunu bu səbəbdən qeyd edir.

Düşünürəm ki, mövcud olduğumuz region hamıdan çox bizim marağımızdadır və bu belə də olmalıdır. Çünki, bura bizim doğma vətənimizin və dövlətimizin yerləşdiyi bir coğrafi məkandır. Bu torpaqları hədəf alan və onun uğrunda var gücləri ilə mübarizə aparan quvvələrdən daha çox haqqımızın çatdığı bu regionda həm də artıq haqlı bir reallıq da müəyyənləşdirmişik. Mövcud olduqları bütün zaman ərzində kimlərinsə oyuncağ olmuş və bu rolu oynamaqdan bu günədək heç bir nəticə əldə etməyən və artıq bezən Ermənistan cəmiyyəti üçün də tarixi bir şans yaranıb. Ümid edək ki, bu şansdan lazımi şəkildə istifadə etməyi də bacaracaqlar.

Uca Tanrı güclü və qalib Azərbaycanı, onu güclü və qalib qılan müzəffər Ordumuzu və Ali Baş Komandanımızı qorusun!

Xəyal Bəşirov,
“Siyasi və Hüquqi Strateji araşdırmalar mərkəzi”nin rəhbəri
Xəbəri paylaş