Newscenter.az.25.02.2019. İdarəetmə nəzəriyyəsinə əsasən idarəçiliyin müxtəlif növləri və formaları vardır. Buraya özəl sektor, içtimai və digər təşkilatlarda müxtəlif idarə etmə formaları daxil olsada insan və cəmiyyətin idarəçilik mexanizmi dedikdə bir mənalı olaraq mərkəzi dövlət hakimiyyətini təmsil edən dövlət idarəçiliyi və yerli özünü idarəetmə orqanı olan bələdiyyə idarəçiliyi başa düşülür.
Sual yarana bilər ki, dövlətin ayrı-ayrı sahələrini tənzimləyən mərkəzi hakimiyyətin idarəçilik aparatı mövcud olduğu təqdirdə cəmiyyətin idarə olunmasında “dualist” ikili formalı idarəçiliyə yəni eyni zamanda dövlət və yerli özünü idarəetmə orqanı olan bələdiyyə idarəçiliyinə nə ehtiyac vardır? Dövlət və bələdiyyə idarəçiliyi bir-birinin maraq və fəaliyyətinə maneəçilik törətmədən və biri digərinin səlahiyyətlərinə müdaxilə etmədən hansı formada fəaliyyət göstərə bilər? Ərazisində yaşayanlarının bütününü əhatə edən dövlət hakimiyyəti mövcud olduğu təqdirdə ikinci idarəetmə forması kimi bələdiyyə idarəetməsinin yaranması və təşəkkülü hansı zərurətdən irəli gəlmişdir?
İlk öncə bunu qeyd etməliyəm ki, dövlət idarəçiliyi və yerli özünü idarəetmə orqanları quruluş və mahiyyətinə görə müxtəlif xarakterli sistemlər olsalarda məqsədləri və fəaliyyətləri baxımından zidd təşkilatlar deyillər. Əksinə dövlət və yerli özünü idarəetmə ortaq maraqları və hədəfləri istiqamətində bir-birlərinin fəaliyyətinə mane olmadan kordinasiyalı olaraq əməkdaşlıq edirlər.
Məlumdur ki, idarəetmə formasından aslı olmayaraq istər dövlət aparatı, istərsədə bələdiyyə sisteminin əsas məqsədi insanların sosial rifahı və rahat həyat sürməsini təmin edilməsidir. Buna görədə dövlət və bələdiyyə idarəçilik sistemlərinin qarşılıqlı fəaliyyətinin əsasını öncədən müəyyənləşdirilmiş səlahiyyətlərin bölgüsü prinsipi təşkil edir. Səlahiyyətlərin bölgüsü prinsipinin tənzimlənməsi normativ hüquqi aktlar əsasında həyata keçirilir. Demək ki, dövlət idarəçilik aparatı ilə yerli özünü idaretmə orqanlarının arasında oxşar və fərqli cəhətləri olsada nəticə etibari ilə hər iki idarə etmənin təməlində insan amili durur. Yəni cəmiyyəti və insanları idarə edən istənilən idarəçilik orqanın prinsiplərinə əsasən insan idarəçiliyə deyil, əksinə idarəçilik insana xidmət edir.
Dövlət və bələdiyyə idarəçiliyinin fəaliyyətləri necə tənzimlənir? Hər iki orqanın səlahiyyətlərinin əhatə dairələri, maraqları harada toqquşur və səlahiyyətlərinin kəsişdiyi sahələr necə müəyyənləşdirilir? Dövlət idarəçilik sistemi və bələdiyyə idarəçiliyinin nəzəri əsaslarını müqayisə etməklə hər iki idarəçilik modelinin fərqlərini və oxşar cəhətlərini müəyyən etmək və suallara cavab tapmaq mümkündür. Dövlət və yerli özünü idarəetmənin oxşar və fərqli tərəflərini araşdırmaqdan öncə hər iki qurumun mənşəyi, formaları və quruluşu haqqında nəzəriyyələrini araşdırmağa ehtiyac vardır.
Dövlətin mənşəyi haqqında siyasi-fəlsəfi anlayışlar müxtəlif olsada ümumi qəbul edilmiş anlayışa əsasən dövlət müəyyən ərazidə yaşayan, ali hakimiyyət orqanlarında təmsil olunan insanların birliyi kimi başa düşülür. Dövlətlərin yaranma səbəbləri zaman, məkan və əlverişli şəraitə görə fərqli olduğundan dövlətlərin yaranması haqqında fərqli yanaşmalar və nəzəriyyələr irəli sürülmüşdür.
Dövlət haqqında nəzəriyyələrin ana xətiini dövlətin mahiyyəti, xarakteri və yaranma səbəbləri təşkil edir. Hamı tərəfindən qəbul edilmiş nəzəriyyəyə əsasən dövlət mahiyyəti etibari ilə siyasi sistemin bütün əlamətlərini və funksiyalarını özündə birləşdirən siyasi mexanizmdir. Bu mexanizmin hərəkət verici qüvvəsi dövlətlərin təşəkkül tapdığı zamanlardan bəri mövcud olan dövlət aparatı yəni dövlət idarəçilik instutudur. Dövlət xarketerinə və quruluşuna görə siyasi birlikdir. Bu birliyə həmən birliyin ərazisi, əhalisi daxil olmaqla eyni zamanda müəyyənləşdirilimiş sərhədlər daxilində yaşayan xalqın xüsusi sistemlə idarə olunmasını müəyyənləşdirən prinsiplər daxildir.
Dövlət siyasi hakimiyyətin təşkili ilə səciyyələnən və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən ümum məcburi hüquqi normalara və bu hüquq normaların tətbiqini həyata keçirən təşkilati gücə malikdir. Bu təşkilati güc inzibati dövlət idarəçiliyi prinsipi üzərindən həyata keçirilir.
Dövlət idarəçiliyinin forma və məzmunu haqqında müxtəlif siyasi nəzəriyyələr mövcuddur. Bu nəzəriyyələr dövlətin quruluşunu, funksiyalarını və əlamətlərini müəyyənləşdirir. Dövlət idarəçiliyinə klassik yanaşma nəzəriyyəsinə görə dövlət idarəetməsi inzibati-dövlət prinsipinə əsaslanır.
Hüquq nəzəriyyəsinə əsasən inzibati hüququn predmetini dövlət idarəçiliyinin predmeti təşkil edir.
Dövlətin ilahi-dini mənəşəli yaradılışı nəzəriyyəsinə görə dövlət ictimai varlıq kimi Allah tərəfindən yaradılmışdır.Bu nəzəriyyənin qədim Misirdə yaranması məlumdur.Dövlətin ilah-dini mənşəli nəzəriyyəsi feodalizm dövründə daha geniş yayılmış və sonralar dövlət haqqında fikrin inkişafına müsbət təsir göstərmişdir.
Patriaxal dövlət nəzəriyyəsinə görə dövlət öz başlanğıcını ailədən götürmüşdür. Ailə başçısının yəni atanın hakimiyyəti patriarxal xarakter daşıyırdı. Partiaxal dövlət nəzəriyyə orta əsirlərdə feodal-monarxiya dövlətini və hakimiyyətini qoruyub saxlamağa və inkişaf etdirməyə xidmət göstərmişdir.
Plüralist dövlət nəzəriyyəsində fərd ön planda, dövlət isə ikinci plandadır. Dövləti idarə edənlərin idarəçilik prosesində əsas vəzifəsi cəmiyyətdə fərdin maraqlarını qorumaqdır. Dövlət tərəfsiz bir şəkildə hakimlik vəzifəsini icra edərsə o zaman fərdin hüquqlarının təmin edilməsi yolunda çalışmış olan ideal idarəçilik kimi qəbul edilir.
Kapitalist dövlət nəzəriyyəsinə görə dövləti və yaxud cəmiyyəti onun iqtisadi əsaslarıyla birlikdə analiz etmək lazımdır. Bu nəzəriyyəyədə daha çox sinif və yaxud təbəqə önə çıxarılır. Yəni dövlətin yaradılması sinif sistemindən doğmuşdur və sinif sisteminə dayanır.
Siyasi nəzəriyyələrdə dövlət idarəçiliyi haqqında müxtəlif anlayışlar əksini tapır. Dövlət idarəçiliyi dedikdə dövlət başçısının hüquqi statusu və ya ali dövlət hakimiyyəti orqanları arasında hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə xarakterizə olunan təşkili forması başa düşülür.
Bir digər tərifə görə dövlət idarəçiliyi dövlətin öz hakimiyyət qüvvəsinə əsaslanaraq insanların ictimai həyat fəaliyyətinə onu qaydaya salmaq, qoruyub saxlamaq və ya yenidən qurmaq məqsədilə praktiki, təşkiledici və insanların davranışlarının hüquqi tənzimlənməsi ilə sıx bağlıdır. Buraya insanların ictimai-iqtisadi və siyasi fəaliyyətinin idarə olunması prinsipləridə daxildir.
Bəs yerli özünü idaretmə sisteminin mahiyyəti və fəaliyyət fomaları nələrdir?
Yerli özünü idarəetmə sistemi yarandığı dövürlərdən özünə məxsus idarə etmə formasına malik yarım müstəqil fəaliyyət göstərən idarəçilik quruluşuna sahibdir. Bələdiyyə idarəetməsinin forma və mahiyyəti araşdırılarkən bələdiyyələrin keçdiyi tarixi inkişaf mərhələləri, fəaliyyətlərinin iqtisadi əsasları, bələdiyyənin yerləşdiyi coğrafi məkan və fəaliyyətlərini tənzimləyən müvafiq hüquq normaları birlikdə nəzərdən keçirilməlidir. Bəzi hallarda bələdiyyələri yarım müstəqil kiçik dövlətlər və yaxud öz-özünü idarə edən vətəndaş cəmiyyəti “İcma” adlandırırlar. Dəqiq yaranma tarixi rəsmi olaraq bilinməsədə Avropada hələ orta əsrlərdən məlum olan yerli özünü idarə etmənin izləri daha qədim dövürlərə hətta İtaliya şəhər dövlətlərində eramızdan əvvəl II əsrə qədər uzanması tarixi gerçəklikdir. Bəlkədə ilk dövlətlərin əsası elə yerli özünü idarəetmənin təməlləri üzərində qoyulmuşdur.
Əslində hər iki idarəçilik instutu insanların özləri tərəfindən onların yaşamaq və həyat fəaliyyətini məqsəd yönlü tənzimləmək, mənafelərini qorumaq, tələbatlarını ödəmək və təhlükəsizlik məsələlərinin həlli məqsədi ilə yaradılmışdır. Bu prinsipləri dövlət və yerli özünü idarəetmənin oxşar cəhətləri kimi qəbul etmək olar.
Yerli özünü idarəetmənin anlayışını verərkən ilk öncə qeyd edilməlidir ki, bələdiyyə orqanları dövlət qurumu deyil. Dövlət idarə etmə aparatı və yerli özünü idarəetmə fərqli xüsusiyyətlərə malikdirlər. Mərkəzi hakimiyyət tərəfindən inzibati üsul və qaydalarla həyata keçirilən dövlət idarəçiliyindən fərqli olaraq yerli özünü idarəetmə sakinlərin yerli problemlərin həllində müstəqilliyini əldə etmiş idarəçilik formasıdır. Yəni dövlət idarə etməsinin əsasını cəmiyyətin siyasi birliyi prinsipi təşkil edirsə, yerli özünü idarəetmənin funkiyası daha çox lokal məsələlərin həlli və sosial xidmət məsələləri ilə məhdudlaşır.
Yerli özünü idarə etmə orqanları müstəqil büdcəyə sahib olmaqla yerlərdə dövlətin müdaxiləsi olmadan yerli əhəmiyyətli məsələlərin həllini müstəqil sürətdə həyata keçirən idarə etmə sistemləridir. Lakin Bələdiyyələr müstəqil qurumlar olasalarda fəaliyyətləri dövlətin siyasi maraqlarına zidd deyil. Əksinə bələdiyyələr dövlətin qanunları və hüquq sistemi daxilindədirlər və dövlətin güclənməsinə xidmət edən təsisatlardır. Çünki bələdiyyələr yerli əhəmiyyətli məsələləri dövlətin dəstəyi olmadan cəmiyyətin daxili imkanları hesabına həll etməklə dövləti bu yükdən azad etmiş olurlar.
Yerli özünü idarəetmə orqanlarının fəaliyyətləri cəmiyyətin özü-özünü idarəetmə qabiliyyəti formalaşdırmaqla daha geniş səlahiyyətlər əldə edərək mərkəzi dövlət hakimiyyətinin təsirlərinin yumşaldılması və tədricən azaldılması məqsədi daşıyır. Bələdiyyə idarəçiliyi formalaşma prosesində tədricən dövlət aparatının bəzi funkisayalarını mənimsəmiş olsa belə vətəndaş cəmiyyəti olaraq dövlətin bütün funksiyalarını mənimsəməsi qeyri mümkündür. Bu baxımdan dövlət idarəçiliyini həyata keçirənlər anlayırlar ki, bələdiyyə orqanları dövlət qurumlarına rəqib deyillər, əksinə dövlətin üzərindən yerli əhəmiyyətli problemlərin həlli kimi ağır bir yükü almış olurlar.
Bələdiyyələrin daxili imkanlar hesabına yerli əhəmiyyətli problemləri həll etməsi dövlət hakimiyyəti orqanlarının əlavə vaxt itkisininin qarşısını almış olmaqla problemin həlli istiqamətində xərclənəcək maliyyə vəsaitinin dövlətin büdcəsində qalmasına səbəb olur. Yəni dövlət tərəfindən yerli əhəmiyyətli problemin həllinə vaxt və maliyyə sərf edilmədən problem bələdiyyələr tərəfindən həll edilir. Bu səbəbdən dövlət qurumları yerli özünü idarəetmə quruluşlarının inkişaf etməsində maraqlıdırlar. Bələdiyyələr yerli əhəmiyyətli məsələləri həll etmək məqsədiylə müəyyən ərazidə yaşayan yerli sakinlər tərəfindən seçkilər yolu ilə seçilmiş və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır.
Bələdiyyələrin Statusu Haqqında Azərbaycan Respublikasının qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli özünü idarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir.
Buraya təhsil, səhiyyə, mədəniyyət, yaşayış və qeyri-yaşayış binalarının saxlanılması və istifadə edilməsi, sanitariya müəssisələrinin təşkili, saxlanılması və inkişafı, mənzil tikintisi, yerli əhəmiyyətli su mənbələrindən istifadə, dövlətin həyata keçirdiyi iqtisadi inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli iqtisadi inkişaf məsələlərinin həlli, dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə çalışan yerli sosial müdafiə və sosial inkişaf proqramları, iqtisadi inkişaf proqramları və ekoloji proqramlar və digər yerli əhəmiyyətli məsələlər daxildir.
Dövlət və yerli özünün idarəetmənin fərqli və oxşar xüsusiyyətlərinə gəlincə qeyd etmək yerinə düşər ki, inzibati-dövlət aparatına malik dövlət idarəçiliyi bələdiyyə idarəçiliyindən siyasi fəlsəfi xarakterinə, hüquqi və təşkilati-strukturuna görə fərqlənir. Dövlət əhatə dairəsinə görə lokal xarakterli bələdiyyə idarəçiliyi ilə müqayisədə unversal xarakter daşıyır. Bunun bariz nümunəsi kimi vətəndaş və sakin ifadələrini göstərmək olar. Dövlət daha çox siyasi xarakterli quruluşdur, dövlət tərəfindən qəbul edilən qərarlar suverinliyi altında yaşayan və fəaliyyət göstərən hər kəsə şamil edilir. Dövləti formalaşdıran insanlar kəlməsi hüquqi baxımdan vətəndaş adlanır. Vətəndaş dövlətinə mənsub olan, onunla siyasi hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxslərə deyilir. Məsələn dövlət hakimiyyəti tərəfindən həyata keçirilən idarəçilik vətəndaşların rifahını yaxşılaşdırmaq və təhlükəsizliklərini təmin etməyi qarşısına məqsəd qoymuşdur. Yerli özünü idarəetmədə isə idarəetmə vətəndaşlara deyil daha məhdud formada yəni bələdiyyə ərazisində yaşayan sakinlərə xidmət prinsipi əsasında təşkil edilmişdir.
Digər önəmli fərq ərazi məsələsidir. Dövlətin konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları ilə qəbul edilmiş onun bütün inzibati ərazisində hüquqi qüvvəyə malikdir. Dövlətin inzibati ərazisinə həmən dövlətin ərazisində fəaliyyət göstərən bələdiyyələrin ərazisidə daxildir. Yerli özünü idarəetmə orqanları tərəfindən qəbul edilmiş hüquqi aktlar və bələdiyyələrin səlahiyyətləri isə yalnız həmən bələdiyyənin inzibati ərazi dairəsində keçərlidir.
Yerli özünü idarəetmənin dövlət idarə etməsindən əsas fərqi bu idarə etmənin yerli sakinlər tərəfindən həyata keçirilməsi və lokal xarkter daşımasıdır. Bələdiyyələr siyasi fəaliyyətlə məşğul olmur, onların silahlı qüvvəyə və polisə ehtiyacı yoxdur, heç bir bələdiyyə qurumu təhlükəsizlik və xüsusi xidmət orqanlarına malik deyil. Bu kimi məsələlər dövlətin nəzarətində olduğu üçün yerli özünü idarəetmənin fəaliyyəti sakinlərin həyat fəaliyyətini təmin etmək məqsədi daşıyan sosial, təhsil, səhiyyə, ekalogiya sahəsində layihələr, tikinti və abadlıq kimi məsələlərlə məhdudlaşır.
Dövlət və bələdiyyə idarəçiliyini fərqləndirən əsas xüsusiyyətlərdən biridə hər iki sistemdə çalışanların hüquqi statuslarıdır. Beləki, qanunvericiliyə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi dövlət qulluğu, dövlət qulluğu vəzifəsini tutan şəxslər dövlət qulluqçusu kimi qəbul edilir.
Dövlət işindən fərqli olaraq bələdiyyə orqanlarında daimi peşə fəaliyyəti bələdiyyə qulluğu, bələdiyyə işində bələdiyyənin sədri, müavinləri və katibini çıxmaq şərti ilə təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən digər çalışanlar bələdiyyə qulluqçusu adlanır.
Fərman Salmanlı
Union Lizinq ASC-nin hüquqşunası