Newscenter.az.22.05.2021. Milli Məclisin deputatı Könül Nurullayeva ərəb mətbuatında Qarabağda Azərbaycanın İslam irsini bərpa siyasətindən yazıb.
Newscenter.az-ın xəbərinə görə, Misir, Əlcəzair və İraq KİV-lərində “Azərbaycan Qarabağda dağıdılmış məscidləri bərpa edir” başlıqlı ərəb və ingilisdilli məqalədə qeyd olunur ki, Azərbaycan İslam dünyasının bir parçası kimi hər zaman İslam dəyərlərinin mühafizəsini ən yüksək səviyyədə təmin edir. 2020-ci il noyabrın 10-da Qarabağda Azərbaycanın böyük qələbəsi ilə başa çatan müharibədən sonra islam irsinin qorunmasında da artıq yeni mərhələ başlayır. Bu, bərpa mərhələsidir:
“Çünki 30 il ərzində Azərbaycanın işğal olunmuş ərazilərində islam irsinə qarşı ciddi vandallıq aktları törədilib. İllər boyu Ermənistan bu irsi məhv etmək siyasəti yeridib. Lakin Azərbaycanlıların Qarabağa qayıdışı ilə rifah, dağıdılan irsin bərpası başladı”.
Prezident İlham Əliyevin mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Müqəddəs Ramazan Bayramı ərəfəsində yeni məscidin təməlini qoyduğunu diqqətə çatdıran K. Nurullayeva yazır ki, qədim Azərbaycan torpağı olan Şuşada vaxtı ilə 17 məscid olub və ermənilər işğal zamanı onların hamısını dağıdıb. Üç məscid yarıdağıdılmış vəziyyətdə idi - Yuxarı və Aşağı Gövhərağa (1768-1769-cu illərdə inşa edilən bu məscid də işğal dövründə erməni vandalizminin qurbanı olmuşdu) və Saatlı məscidləri. Onların da təmiri ilə bağlı artıq göstəriş verilib:
“Şuşadakı məscidlərin bərpasını Azərbaycanda və dünyada humanitar və xeyriyyə layihələrinin ən fəal iştirakçısı olan Heydər Əliyev Fondu həyata keçirir. Artıq Şuşaya hakim olan bina məscid binası olacaqdır. Xüsusi qeyd etməliyəm ki, bütün dağıdılan məscidlər işğal dövründə azərbaycanlıların qəlbində ucaldılmışdır. 5 il öncə - torpaqlarımız işğaldan azad edilməzdən əvvəl Azərbaycan Prezidenti Şuşa şəhərindəki Yuxarı Gövhərağa məscidinin bənzərini Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində inşa etdirdi. O vaxt məscidin açılışında cənab İlham Əliyev də bildirmişdi ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcək”.
Bundan sonra məscidlərdən hər zaman azan səsi gələcəyini bildirən millət vəkili həmçinin vurğulayıb ki, Qarabağda sözün həqiqi mənasında tarixi anlar yaşanmaqdadır:
“İlk dəfə 30 ildən sonra Şuşada bayram namazı qılındı. Məhz bayram ərəfəsində qədim Şuşa şəhərində yeni məscidin təməlqoyma mərasiminin keçirilməsi isə həqiqətən böyük tarixi və rəmzi xarakter daşıyır. Bu, həm də onu göstərir ki, Azərbaycan üçün İslam irsinə sahib çıxmaq, onu qorumaq, mühafizə etmək hər zaman olduğu kimi, bu gün də prioritetdir. Təsadüfi deyil ki, Azərbaycan əsgəri azad etdiyi ərazilərdə ilk olaraq namaz qıldı, dağıdılmış olsa belə, məscidlərdə azan səsləri ucaldı. Bu, azərbaycanlıların 30 illik arzusu idi. Bundan sonra biz Qarabağada əbədi yaşacağıq və bundan sonra məscidlərdən hər zaman azan səsi gələcək. Bundan sonra sülh dini olan İslamın dəyərli irsi Qarabağda əbədi qorunacaq.”
Qeyd edək ki, məqalə Əlcəzair, Misir və İraqın nüfuzlu informasiya portallarında ərəb və ingilis dillərində dərc olunub.
Ruhiyyə