Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azad olunmuş ərazilərdə infrastruktur layihələri sürətlə reallaşır



Newscenter.az.24.05.2021. Ermənistanın işğalçılıq siyasətinə son qoyması, dinc qonşuluq yolunu seçməsi onun indiki tənəzzüldən xilası üçün əsas amildir. Çünki düşmən ölkənin son 30 il ərzində Azərbaycana qarşı faşist mövqeyi tutması onu bir sıra beynəlxalq layihələrdən təcrid edib. Son nəticədə Ermənistan dövlət müstəqilliyini itirmək, vətəndaş müharibəsi təhlükəsi ilə üzləşib. “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə də qeyd edildiyi kimi, Azərbaycan isə ötən illərdə özünün müdrik rəhbərinin yürütdüyü uzaqgörən siyasəti ilə beynəlxalq aləmdə nüfuzunu getdikcə gücləndirib, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirakçıya çevrilib. zərbaycan son 18 il ərzində beynəlxalq maliyyə institutları ilə fəal əməkdaşlığa mühüm önəm verib. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan Cənub Qaz Dəhlizi layihəsini gerçəkləşdirən dövrdə bütün əsas beynəlxalq maliyyə institutları tərəfindən ölkəmizin tərəfdaşlıq münasibətinə üstünlük verilib. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Çin tərəfindən təsis olunmuş İnfrastruktur və İnvestisiya Bankı bu məsələni xüsusi diqqətdə saxlayıblar. Bütün aparıcı beynəlxalq maliyyə institutlarının layihədə iştirakı reallaşdırılıb.

Azad olunmuş ərazilərimizdə aparılan yenidənqurma işləri ilə bağlı isə vurğulamaq istərdim ki, hazırda bu torpaqlarda infrastruktur layihələri sürətlə reallaşır. Düşməndən təmizlənən ərazilər cari ilin sonunadək 100 faiz elektrik enerjisi ilə təmin ediləcək. Magistral yolların inşası yüksək səviyyədə gerçəkləşdirilir. Azad olunmuş bütün ərazilər “yaşıl enerji” zonası elan edilib və o torpaqlarda əsasən bərpaolunan enerji mənbələrindən – su, günəş və külək enerjisindən istifadə nəzərdə tutulub. Bir milyondan çox insan üçün evlərin tikilməsi və infrastrukturun yaradılması da diqqətdə saxlanılır. Müzakirələrdə Prezident İlham Əliyevin bildirdiyi kimi, Livan boyda ərazilərdə işlər görülməlidir, bunların böyük hissəsi dağlıq ərazilərdir ki, bu da layihələrin icrasını müəyyən qədər çətinləşdirir. Əlbəttə, bütün bu işlər böyük zəhmət, vaxt və maliyyə tələb edir. Lakin dövlətimiz gücü, qüdrəti ilə qarşıya qoyulan bütün bərpa-quruculuq layihələri yüksək səviyyədə reallaşdıracaq. Bununla bağlı aydın və dəqiq planlaşdırılmış konsepsiya da mövcuddur.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, hazırda bərpa proqramları sürətlə reallaşdırılır, Qarabağ torpaqlarına yeni nəfəs verilir, yeni ruh gətirilir. Bir sözlə, Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirmək yolunda Azərbaycanı heç bir maneə dayandıra bilməz.

Ağayeva Məleykə,
YAP Sabirabad rayon təşkilatının sədri
Xəbəri paylaş