Newscenter.az.24.05.2021. Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) ilə "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (DVC) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Newscenter.az xəbər verir ki, imzalanma mərasimində GİKM-in baş direktoru Rəvanə Həşimova ilə DVC-nin sədri Ülviyyə Axundova iştirak edib.
Memorandumun məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi, debat vasitəsilə araşdırma, arqumentləşdirmə və əsaslandırma bacarıqlarının artırılması və müxtəlif fəaliyyətlər ilə gənclərin inkişafının təmin olunmasıdır.
Tərəfdaşlıq çərçivəsində DVC və GİKM arasında birgə proqramlar və layihələr həyata keçiriləcək, DVC-nin aparıcı proqramlarından olan Milli Debat Proqramı və GİKM nümayəndəlikləri arasında inteqrasiya təmin olunacaq.
"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (DVC) proqramlar çərçivəsində yerli və beynəlxalq qurumlar, təşkilat və şirkətlərlə əməkdaşlıq edir. Milli Debat Proqramı debat vasitəsi ilə gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn ölkə səviyyəli proqramdır.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin məqsədi isə dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunmasıdır.
Ruhiyyə