Newscenter.az.24.05.2021. Ermənistanın uzun illər formalaşdırmağa çalışdığı məğlubedilməzlik mifini Azərbaycan ordusu cəmi 44 gün ərzində darmadağın etdi.
Bu gün erməni cəmiyyəti məğlubiyyətin verdiyi gərgin psixoloji gərginliyi yaşayır. Uzun illər ərzində Ermənistan siyasi isteblişmenti Azərbaycanı əbədi düşmən kimi təqdim edir, ictimai rəyi çaşdırır, Azərbaycanla və ölkəmizin nə istədiyi ilə bağlı tamamilə qeyri-real mənzərə yaradırdı.
Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrətin səviyyəsi, Azərbaycanofobiya, Azərbaycanın “iblisləşdirilməsi” o qədər yüksək səviyyədə idi ki, erməni cəmiyyətinin bir hissəsi bunda haqlı olduqlarına inanmağa başlamışdı.
İndi isə bu inamın məhv olmasının psixoloji gərginliyini yaşayırlar ki, ümumilikdə həm müharibə dövründə, həm də müharibədən sonrakı proseslərin təhlili bunu göstərir. Ermənistan cəmiyyəti çox ciddi psixoloji dram yaşayır və cəmiyyət olaraq çıxış yolu tapa bimir.
30 ildir bu ölkəni idarə edən liderlər xalqa yalan danışıblar. Bu yalanlar 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da davam edib və sonunda erməni cəmiyyəti rəhbərlərin sözləri ilə reallığın bir-birindən kəskin fərqləndiyinin canlı şahidi oldu.
Döyüşlərin getdiyi müddətdə Ermənistan Müdafiə Nazirliyinin yanlış informasiyalarla "qalib" imici yaratmaq cəhdi sonra elə özləri tərəfindən də etiraf olundu. Bu gün də erməni cəmiyyəti onlara uzun illər danışılan yalanların hesabını sormağa cəhd edir.
Ermənistan balaca bir dövlətdir. Bu gün Ermənistan rəhbərliyi yaşadığı səfaləti erməni xalqına heç bir mətiqlə izah edə bilməzdi. Ermənistan liderləri deyə bilməzdilər ki, biz ölkəni Rusiyanın "qoltuqaltı" ölkəsinə çevirmişik və ona görə bu vəziyyətdə yaşayırıq. Ölkənin iqtisadi inkişafının olmamasını, ağır şəraiti türk düşmənçiliyi ilə, blokadada olmaları ilə əlaqələndirirdilər. Konkret olaraq öz bacarıqsız idarəetmələrini Azərbaycanın üzərinə yıxmağa çalışırdılar. Bütün bunların fonunda isə erməni xalqına yalan danışırdılar. Bu gün artıq Ermənistan xalqı kimin kim olduğunu yaxşı görür, təpədən dırnağa korrupsiyaya bulaşmış Sarkisyan-Köçəryan cütlüyünə artıq inanmır.
Qarayeva Səbinə,
YAP Sabirabad rayon təşkilatının Gənc fəalı