Newscenter.az.24.05.2021. Dövlət Gömrük Komitəsinin Akademiyası Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrində icra etdiyi “Mütəşəkkil Cinayətkarlığa qarşı Təlim və Əməliyyat Tərəfdaşlığı” (TOPCOP) layihəsinə tərəfdaş kimi qəbul edilib. Newscenter.az təhsil ocağına istinadən xəbər verir ki, əlkənin milli və iqtisadi təhlükəsizliyinin təmin olunmasında gömrük orqanlarının rolunu və onların kadr potensialının gücləndirilməsinin vacibliyini nəzərə alaraq, Akademiya gömrük sahəsində təlim-tədris qurumu olaraq üzvlüyü əldə edib.
Bu fəaliyyət çərçivəsində Akademiya əlaqələndirici qurum kimi Dövlət Gömrük Komitəsinin müvafiq strukturları üçün zəruri təlim ehtiyaclarlının müəyyənləşdirilməsi, təlimlərin əlaqələndirilməsi və müvafiq gömrük xidməti orqanlarının təlimlərə cəlb edilməsini həyata keçirəcək.
Layihə mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində müxtəlif vəzifələr və fəaliyyətlər icra edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının (sərhəd və gömrük işçiləri, prokurorlar və hakimlər daxil olmaqla hüquq-mühafizə orqanlarının) bilik və bacarıqlarının artırılması və sərhədlərarası cinayətkarlıqla mübarizə məqsədilə beynəlxalq və Aİ ilə əməkdaşlıq imkanlarının genişləndirilməsini əhatə edir. Layihənin xüsusi məqsədlərinə hüquq-mühafizə təlim-tədrisi ilə hüquq-mühafizə əməliyyat tədbirləri arasında balanslı əlaqəni təmin etmək üçün analitik və kadr potensialının gücləndirilməsi üzrə əlaqələndirici şəbəkələrin yaradılması, müəyyənləşdirilmiş ehtiyac və ortaq cəhətlərə əsaslanaraq regional və spesifik hədəfli təlimlərin təşkili üçün təlim ehtiyaclarının dəyərləndirilməsi daxildir.
Azərbaycan Respublikasının tərəfdaş olduğu, Aİ Hüquq Mühafizə Tədrisi Agentliyi (CEPOL) və Aİ Hüquq Mühafizə Əməkdaşlığı Agentliyi (Europol) tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən, Aİ Avropa Qonşuluq Aləti (ENI) tərəfindən maliyyələşdirilən TOPCOP layihəsi 2020-2023-cü illəri əhatə edir.
Sərhədlərarası mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə Şərq Tərəfdaşlığı ölkələrinin hüquq-mühafizə orqanlarının təlimlər və əlaqədar tədbirlər vasitəsilə potensialının gücləndirilməsini hədəfləyən layihədə hüquq-mühafizə orqanlarının təlim-tədris qurumları üçün nəzərdə tutulan təlimlər komponenti də mövcuddur. Təlim qurumları ilə müvafiq əməliyyat orqanları arasında qarşılıqlı əlaqənin təşviqi yolu ilə müxtəlif tematik sahələrdə, kəmiyyət və dərəcələrdə təlim ehtiyaclarının müəyyənləşdirilərək hədəf əsaslı təlim portfellərinin yaradılması və buna uyğun olaraq qarışıq həm e-learning və ənənəvi üsullarla qarışıq konsept əsasında təlimlərin CEPOL tərəfindən benefisiar qurumlar üçün həyata keçirilməsi bu komponentə daxildir.
Layihənin Azərbaycanda milli əlaqələndirici qurumu Daxili İşlər Nazirliyidir (DİN). Layihə çərçivəsində bundan əvvəl həyata keçirilmiş bəzi tədbirlərdə Azərbaycan tərəfindən Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, o cümlədən Ədliyyə Akademiyası və DİN Polis Akademiyası iştirak edib.
Hazırda layihədə Azərbaycan tərəfindən iştirak edən təlim-tədris qurumları Gömrük Akademiyası və DİN Polis Akademiyasıdır. Hər iki Akademiyada TOPCOP layihəsi çərçivəsində kadr potensialının gücləndirilməsi üzrə əlaqələndirici şəxslər təyin olunub.
Gömrük Akademiyası layihə çərçivəsində Azərbaycanda gömrük xidməti orqanları üçün tədbirlər həyata keçirəcək. Bu da sərhədlərarası mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə ölkənin gömrük orqanlarının kadr potensialının gücləndirilməsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə önəmli töhfə verəcək.
Mehman