Newscenter.az.24.05.2021. Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ramazan bayramından sonra Azərbaycana, xüsusən də Şuşaya səfər edəcəyi barəsində məlumatlar yayılmışdır. Ramazan bayramının bitməsinsinə baxmayaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri hələ də reallaşmayıb. Buna görə də, cəmiyyət arasında bununla bağlı sual yaranıb ki, Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri niyə reallaşmadı yaxud niyə yubanır? Rusiya XİN başçısı Sergey Lavrovun regiona səfəri bu məsələyə təsir edə bilərmi? Və yaxud cəmiyyətin bilmədiyi hansısa qaranlıq məsələlər varmı?
Hesab edirəm ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və həmçinin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının Şuşaya səfərlərində hər hansısa siyasi problem yoxdur. Daha öncədən verilən məlumatlara baxsaq burada bir neçə obyektin açılışının olması gözlənilir. Bunların arasında MHP-nin tikdirdiyi məktəb binası, Türkiyənin Şuşada açmaq istədiyi konsulluq binası və s. Amma demək olmaz ki, yalnız bu məsələlərlə bağlı yubanma var. Təbii ki, tərəflər arasında hansısa ikitəfli, xüsusilə də hərbi sahədə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı sənədlərin imzalanması gözləniləndir.
Digər məsələ isə Rusiya XİN başçısı Sergey Lavrovun regiona səfərinin Türkiyə prezidentinin Şuşaya səfərinə hərhansısa təsirinin olması inandırıcı deyil. Ona görə ki, Lavrovun səfəri münaqişənin nizamlanması məqsədi ilə reallaşdırılıbsa, Rəcəb Tayyib Ərdoğanın səfəri ikitərəfli münasibətlərlə bağlıdır. Yəni bu məsələlər tamam fərqli anlayışlardır. Onu da qeyd etmək lazımdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri tarixə ilk dəfə Türkiyə dövlət başçısının səfəri kimi düşəcək.
Samir Hümbətov-siyasi şərhçi