Newscenter.az.24.05.2021. Mayın 24-də Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb. Spiker Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib.
Newscenter.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə Milli Məclisin Sədri bildirib ki, bu gün Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, "bir millət, iki dövlət" fəlsəfəsinə əsaslanır. Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Spiker xüsusilə qeyd edib ki, 44 günlük Vətən Müharibəsi zamanı Türkiyə Azərbaycana yüksək səviyyədə mənəvi və siyasi dəstək verərək əsl qardaşlıq örnəyi göstərib. Sahibə Qafarova iki qardaş ölkə kimi Azərbaycan və Türkiyənin bundan sonra da bütün məsələlərdə bir-birini dəstəkləyəcəyinə və bir-birinin yanında olacağına əminliyini ifadə edib.
Türkiyə və Azərbaycanın qanunverici orqanları arasında münasibətlərdən danışan spiker Sahibə Qafarova, hər iki ölkənin parlamentində geniş tərkibli dostluq qruplarının fəaliyyət göstərdiyini bildirib. Vurğulanıb ki, deputatlarımızın müxtəlif platformalarda mütəmadi görüşləri tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir.
Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri Cahit Bağçı səmimi qəbul üçün minnətdarlığını ifadə edərək, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun səmimi salamlarını Milli Məclisin Sədrinin diqqətinə çatdırıb. Türkiyə və Azərbaycan arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini, iki qardaş ölkənin bütün məsələlərdə bir-birini dəstəklədiyini qeyd edən səfir dost və qardaş Azərbaycanda fəaliyyət göstərməyin onun üçün şərəfli və böyük məsuliyyət olduğunu deyib. O, fəaliyyəti dövründə əlaqələrimizin daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Milli Məclisin Sədri səfirə Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Arzu