Newscenter.az.25.05.2021. ABŞ-ın Vircinya ştatında yaşayan azərbaycanlı alim, Radford Universitetinin riyaziyyat və statistika fakültəsinin professoru Əqidə Manizadə səsvermə yolu ilə ştatın Riyaziyyat Müəllimləri Şurasının Prezidenti seçilib.
“Report”un yerli bürosu xəbər verir ki, ştatın Ali Təhsil Şurası Ə.Manizadəni “Görkəmli professor” fəxri adı təltif edib.
Görkəmli riyaziyyatçı “Report”a açıqlamasında Azərbaycandan ABŞ-a uzanan həyat hekayəsindən və elmi uğurlarından bəhs edib: “1992-ci ildə Bakı şəhəri 164 nömrəli orta məktəbi qızıl medalla, 1997-ci ildə Bakı Dövlət Universitetinin mexanika- riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. Daha sonra ailəmlə birlikdə ABŞ-a köçdük. 2000-ci ildə isə Vilyam və Meri kollecində magistratura təhsilini tamamladım, 2006-cı ildə isə Virciniya Unversitetində doktor və alimlik dərəcəsini müdafiə etmişəm”.
Ə.Manizadə 2009-cu ildə indiyə kimi ABŞ-ın Radford Universitetində bakalavr və magistr pilləsində dərs deyir, elmi fəaliyyətlə məşğuldur. O, bu illər ərzində universitet tərəfindən bir çox elmi mükafatlara layiq görülüb: “2013-cü ildə professor təqaüdü, 2014-cü ildə Radford Universitetinin “Milyonçuları dairəsi” mükafatına layiq görülmüşəm. Bu mükafat öz fəaliyyətləri ilə qrant şəklində 1 milyondan artıq vəsait toplayan professorlara verilir.
2017-ci ildə isə “Əməkdar Yaradıcı-Tədqiqatçı” mükafatı adına layiq görüldüm. Bu ad akademik səviyyədə auditoriya tədrisinin effektivliyinə güclü təsiri tərənnüm edir.
2019-cu ildə isə elmi fəaliyyətlərimə görə “Dalton Görkəmli Alim” mükafatını aldım. Magistr proqramı üzrə riyaziyyat təhsili sahəsində tədqiqatlarımın nəticəsi olaraq 35 elmi məqalənin müəllifiyəm”.
Ə.Manizadə 75-dən çox elmi konfransda riyaziyyat elminə dair məruzələrlə çıxışlar edib və bir sıra böyük layihələrin icraçısıdır: “Virciniya Təhsil Nazirliyinin dəstəyi ilə Riyaziyyat Müəllimlərinin Təkmilləşdirmə Mərkəzinin yaradıcısı kimi NASA alimləri və universitet professorları ilə Radford Universitetində NASA-2 İnstitutu yaradaraq, bir çox böyük layihələrin reallaşdırılmasında birbaşa iştirak etmişəm. Bunlarla yanaşı “Virginia Mathematics Teacher” jurnalının baş redaktoru vəzifəsini də icra edirəm. Mənim rəhbərliyim altında dərc olunan jurnal 2018-ci ildə Riyaziyyat Müəllimləri Milli Şurası tərəfindən ölkənin ən yaxşı jurnalı mükafatına layiq görüldüm.
Bugünlərdə isə Vircinya ştatının Riyaziyyat Müəllimləri Şurasının Prezidenti seçilərək, ştat üzrə bütün dövlət və özəl universitetlərinin professor heyəti üçün ali mükafatı qazandım”.