Newscenter.az.26.05.2021. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkəmizdə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Koronovirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığına əsasən 21 yanvar 2021-ci ildən etibarən əhalinin mərhələli şəkildə vaksinasiyası prosesinə başlanılıb ki, proses bu gün də davam etdirilir".
Newscenter.az-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili qeyd edib ki, pandemiya ilə mübarizə tədbirləri regionlarda da uğurla həyata keçirilir:
"Belə ki, mayın 24-də Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovla birgə Salyan Rayon Mərkəzi Xəstəxanasında olarkən bunun bir daha şahidi olduq. Bir sıra təmir işlərinin aparıldığı xəstəxanada vətəndaşların rahatlığı, xəstəxananın korpuslarına rahat gediş-gəlişlərini təmin etmək üçün yeni, ikinci giriş qapısının açılması diqqətimizdən yayınmadı. Həmçinin vətəndaşların qəbulunu yüksək səviyyədə həyata keçirmək üçün xəstəxanada qeydiyyat şöbəsi fəaliyyətə başlayıb ki, şöbədəki əməkdaşların da hər biri ən müasir kompüter avadanlıqları ilə təmin edilmişdir. Xəstəxananın şöbələri, laboratoriya, vaksinasiya otağı ilə tanışlıq zamanı burada yaradılmış şəraitin yüksək səviyyədə olduğunu gördük".
Deputat bildirib ki, həmçinin baş həkim Ramin Qasımovla da görüşüblər:
"Baş həkim xəstəxanada görülən işlərdən danışdı, müasir şüa diaqnostikasının ən informativ metodlarından hesab olunan kompüter tomoqrafiyası aparatının sifariş verildiyini bildirdi. Baş həkimlə görüşümüz zamanı vaksinasiya ilə bağlı əhali arasında aparılan maarifləndirmə işləri, vaksinasiya prosesinin gedişatı və xəstəxananın problemləri ilə də yaxından maraqlandıq. Salyan Rayon Mərkəzi Xəstəxanasından xoş təəssüratlarla ayrıldım. Son olaraq, xəstəxananın rəhbərliyinə və tibbi heyətə vətəndaşlarımıza göstərdiyi xidmətə görə təşəkkürümü bildirir, fəaliyyətlərində uğurlar arzu edirəm".
Ruhiyyə