Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müstəqillik gününə həsr olunmuş videokonfrans keçirilib



Newscenter.az.26.05.2021. Mayın 26-da Milli Məclisin Regional məsələlər komitəsinin və Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı ilə “Müstəqilliyimiz əbədidir, daimidir və dönməzdir” mövzusunda videokonfrans keçirilib.

Newscenter.az xəbər verir ki, videokonfransı giriş sözü ilə açan Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov yaradılmasının 103-cü ildönümü ərəfəsində olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yeri barədə danışıb. O, AXC-nin müsəlman aləminin ilk demokratik respublikası olmasından, qısa ömründə gördüyü böyük işlərdən, həyata keçirdiyi demokratik islahatları ilə dövrün bir çox qərb dövlətlərini qabaqlamasından söhbət açıb. Bildirib ki, həmin dövrdə də indiki kimi ikili standartlar var idi və AXC xadimləri cümhuriyyəti tanıtmaq, onun müstəqilliyini qorumaq üçün böyük əmək sərf ediblər. O dövrdə Ermənistanın təcavüzü, daxili və xarici düşmənlərin məkrli niyyətləri ilə qarşılaşan Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edəndə də eyni problemlərlə üzləşib. Lakin 1993-cü ildə ölkəmizdə yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görməsi ölkədə ictimai-siyasi sabitliyi bərqərar edib. Ulu öndər AXC ideyalarını, ənənələrini müasir müstəqil Azərbaycanın quruculuğunda yaşadıb, öz yenilməz dühası ilə Azərbaycanın müstəqilliyini əbədi və dönməz edib. Prezident İlham Əliyevin komandanlığı ilə 44 günlük Vətən Müharibəsində əldə olunan qələbə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə onun müstəqilliyini sarsılmaz, gələcək inkişafını davamlı edib.

Tədbirdə çıxış edən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev ADR-in yaranmasının 103 illiyi ərəfəsində Respublika Günü münasibətilə Prezident İlham Əliyevə dünya liderlərindən çoxsaylı təbriklərin gəlməsini Azərbaycanın və onun dövlət başçısının beynəlxalq aləmdə artan nüfuzu ilə əlaqələndirib. Bildirib ki, Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətli liderliyi və müdrik siyasəti sayəsində Azərbaycan dövlətçiliyinin əsasları daha da inkişaf edib və möhkəmlənib, onun beynəlxalq aləmdə nüfuzu artaraq lider ölkəyə çevrilib.

Onlayn tədbirdə Milli Məclisin Regional məsələlər komitəsi sədrinin müavini Elşən Musayev, komitə üzvləri Malik Həsənov, Məzahir Əfəndiyev çıxış ediblər. Deputatlar çıxışlarında cümhuriyyət dövrünün mürəkkəb tarixi şəraitini xarakterizə ediblər, AXC-nin həyata keçirdiyi işlərdən danışaraq onun Azərbaycan dövlətçiliyi tarixində tutduğu yeri yüksək dəyərləndiriblər. Qeyd olunub ki, Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini daim əziz tutub, onların xatirəsini yaşadıb. Millət vəkilləri Ulu öndərin Azərbaycanın müstəqilliyinə, cümhuriyyət ideallarına sadiqliyini vurğulayaraq onun uzaqgörən siyasətinin bugünkü nailiyyətlərimizin bünövrəsini təşkil etdiyini vurğulayıblar.

Konfransda Gəncə şəhəri Nizami bələdiyyəsi sədrinin müavini Leyla Məmmədova, Lerik bələdiyyəsinin sədri Balaşirin Nəsirov, Neftçala Bələdiyyəsi sədrinin müavini Jalə Sərdarzadə, Xəzər rayonu Binə bələdiyyəsinin sədri Habil Həmidov, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının icra katibinin müavini Əli Əkbərli, Qaradağ rayonu Sahil bələdiyyəsinin sədri Elmira Əliyeva da mövzu ilə bağlı çıxış ediblər.

Videokonfransın işinə yekun vuran Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib və digər illərdən fərqli olaraq bu il 28 may Müstəqillik Gününü ölkəmizin ərazi bütövlüyü tam bərpa olunmuş tarixi bir şəraitdə qeyd etdiyimizi vurğulayıb. Komitə sədri bu xoşbəxtliyi bizə bəxş etmiş şəhidlərimizin əziz xatirəsinə və ailələrinə, qazilərimizin problemlərinə böyük diqqətlə, həssaslıqla yanaşmağı bələdiyyələrdən xahiş edib.

Onlayn tədbirdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, deputatlardan Kamran Bayramov, Aqil Məmmədov, Səttar Möhbalıyev, Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin, Azərbaycan Şəhər, Qəsəbə, Kənd bələdiyyələrinin milli assosiasiyalarının rəhbərliyi və nümayəndələri, həmçinin 60-dan çox şəhər, qəsəbə və kənd bələdiyyəsinin sədrləri iştirak ediblər.

Arzu
Xəbəri paylaş