Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: "Vətəndaş məsuliyyəti daha güclü olmalıdır"



Newscenter.az.26.05.2021. Nazirlər Kabineti yanında Operativ Qərargah COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunmuş bir sıra məhdudiyyətləri aradan qaldırıb. Uzun müddədir sərt məhdudiyyətlər siyahısında olan ictimai nəqliyyatdan tam istifadə, məscidlərdə ibadət, iri ticarət mərkəzlərində alış-veriş artıq mümkün olacaq. Beləliklə də, Azərbaycanda COVİD-19 infeksiyasının məhdudlaşdırılması ilə bağlı sistemli şəkildə həyata keçirilən tədbirlərin effektivliyi, ölkəmizin qabaqcıl ölkələrlə eyni vaxtda vaksinasiya prosesinə başlaması ölkədə yumşalmanın əhatə dairəsinin daha da genişlənməsinə şərait yaradıb.

Newscenter.az.xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva səsləndirib. O bildirib ki, dünyanın bir sıra ölkələrində hələ də tam qapanma şəraiti davam etsə də, açılım tədbirlərinə getmək mümkün olmasa da, Azərbaycan məhz belə bir şəraitdə uğurlu nəticələr əldə edib:

"Azərbaycan dünyanın az saylı dövlətlərindəndir biridir ki, pandemiya ilə mübarizədə ilk günlərdən qabaqlayıcı tədbirlər görərək istədiyinə nail olub. Qısa müddətdə 40 min çarpayı potensialı olan xəstəxanalar hazır vəziyyətə gətirilib, 13 modul tipli xəstəxana inşa edilib, gündə 20 min test keçirilə bilən 42 müasir laboratoriya fəaliyyətə başlayıb. Eyni zamanda, Azərbaycan COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdəndir. Ölkədə vaksin ehtiyatları kifayət həcmdə toplanıb və geniş vaksin seçimi imkanları yaradılıb, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş vaksinlərin hər biri Azərbaycanda əlçatandır. Məhz, bunun nəticəsidir ki, Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən ölkə də Azərbaycandır və peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir. Dünyada vaksin qıtlığı yaşandığı bir zamanda bu məsələlər Azərbaycanda effektiv şəkildə həll olunur. Bütün bu səbəblərdəndir ki, vətəndaşların hökumətin pandemiya ilə mübarizəsindən razılıq səviyyəsinə görə Azərbaycan lider ölkələr sırasındadır".

Millət vəkili hesab edir ki, metronun, ibadət yerlərinin, iri ticarət mərkəzlərinin açılması, açıq məkanlarda maska məcburiyyətinin götürülməsi o anlama gəlməməlidir ki, pandemiya başa çatıb:

"Hər kəs təhlükəsizlik tədbirlərinə riayəti davam etdirməli, vətəndaş məsuliyyəti daha güclü olmalı, ümumi işə öz töhfəsini verməlidir. Əlbəttə ki, COVİD pasportlar həm vaksinləşməni sürətləndirəcək, həm də digər məhdudiyyətlərin tezliklə götürülməsinə şərait yaradacaq. Artıq hər iki dozanı qəbul edərək vaksin olunan şəxslər bu doğru seçimin üstünlüklərindən istifadə etməyə başlayacaq. Lakin bir daha qeyd etmək lazımdır ki, yoluxmaların sayı azalsa da, ölüm sayı hələ də yüksəkdir və bu, arxayınlaşmağa əsas verməməlidir".

Ruhiyyə
Xəbəri paylaş