Newscenter.az.27.05.2021. Bu gün yayılan məlumata əsasən 15-16 iyun 2021-ci ildə Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri baş tutacaq. Bu səfər çərçivəsində 15 iyunda Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Bakıda olacaq və Azərbayacan prezidenti cənab İlham Əliyevlə görüşü baş tuacaq. 16 iyun 2021-ci ildə isə cənab Ərdoğan və cənab Əliyev Şuşaya səfər edəcəklər. Bu səfər çərçivəsində liderlərin Şuşada bir neçə obyektin açılışında iştirak etməsi gözlənilir. Bunların arasında Şuşada MHP-nin tikdirdiyi məktəbin təməlqoyması, Türkiyənin Şuşada konsulluğu və s. obyektlərin olması gözlənilir.
Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, xüsusilə də Şuşaya səfəri olduqca önəmli məsələdir və bu səfərin arxasında ciddi siyasi mesajlar dayanır.
Bu səfəri bir neçə aspektdən dəyərləndirmək olar. Xatırlatmaq lazımdır ki, cənab Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri həm də ilk Türkiyə prezidentinin Şuşaya, ümumiyyətlə Qarabağa səfəri kimi tarixə düşəcək.
Birincisi, Türkiyə bununla hər region, həm də dünya ölkələrinə açıq mesaj verir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanla birgədir və Azərbaycana olunan hər hansı təhdid və aqressiya Türkiyəyə qarşı qəbul ediləcək.
İkincisi, Türkiyə regionda baş verən və baş verə biləcək məsələlərə regionun aparıcı dövləti olaraq daima ciddi nəzarət edir.
Üçüncüsü, regionda hər hansı layihə gerçəkləşəcəksə, burada Türkiyənin də razılığı olmalıdır. Zəngəzur dəhlizinin reallaşması da təkcə Rusiyanın deyil, eyni zamanda Türkiyə tərəfindən diqqətlə izlənilməkdədir.
Dördüncüsü, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir, həmçinin regionda sülhün və sabitliyin daimi və qalıcı olmasının tərəfdarıdır.
Təbii ki, bəzi qeyd edilməyən məqamlar da var ki, onlar da zamanla qeyd edilə bilər.
Samir Hümbətov-siyasi şərhçi