Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Virus müharibəsi” davam edir



Newscenter.az.27.05.2021. ABŞ-la Çin arasında “koronavirus müharibəsi” davam edir. ABŞ-ın hazırki prezidenti Co Bayden təlimat verib ki, koronavirusun necə yaranması və yayılması məsələsi araşdırılsın. Mövzu yenə Çindir.

Bu arada, ABŞ-ın Çin əsilli vətəndaşlarının hüquqlarını müdafiə edən ictimai təşkilat Ağ Evin keçmiş başçısı Donald Trampı COVID-19-u “Çin virusu” adlandırdığı üçün məhkəməyə verib. Trampı məhkəməyə verənlər Ağ Evin keçmiş sahibini böhtan və mənəvi ziyan vurmaqda günahlandırırlar. Onlar Trampın məsuliyyətə cəlb edilməli olduğuna inanırlar.

İddiada Trampın koronavirus infeksiyasını “Çin virusu” adlandırmaqla Çin Xalq Respublikasını nəzərdə tutduğu qeyd edilib. Buna görə, ABŞ-ın keçmiş prezidentinin qərəzli yanaşması Asiya ölkələrindən gələn immiqrantlara qarşı şiddətin artmasına səbəb olub.
İddiaçılar Ağ Evin keçmiş sahibindən ABŞ-da yaşayan Asiya və ya Sakit okean adasından olan insanların hər birinə 1 dollar ödəmələrini tələb ediblər. Təzminatın ümumi məbləği 22.9 milyon dollar olduğu bildirilir.

Donald Trampın köməyinə keçmiş dövlət katibi Maykm Pompeo çatıb. Pompeonun virusun yayılmasına görə Çin Kommunist Partiyasının “cavabdeh” adlandırmasıyla bağlı yeni açıqlaması Vuhan Viroloji İnstitutundan koronavirus sızıntısına işarə edir.

Pompeo, ABŞ mediasına açıqlamasında deyib ki, Çinin Vuhan laboratoriyasının 3 işçisinin 2019-cu ilin noyabrında COVID-19 kimi simptomları olan ilk xəstə kimi qeydiyyata alıblar. Halbuki, Mayk Pompeo bildirib ki, həmin 3 nəfər xeyli əvvəl xəstələnmişdilər və Pekin bu faktı gizlətməyə çalışıb: “Çinli mütəxəssislər Vuhan Virologiya İnstitutunda tədqiqatlarla məşğul idilər. Hər bir dəlil virusun bu laboratoriyanın sızmasına işarə edir. Pekin günahı ört-basdır etmək və yayındırmaq üçün hər şeyi etdi, hətta ABŞ-ı günahlandırdı. Baş verənlərə görə Çin məsuliyyət daşıyır”.

Çin Ümumdünya Səhiyyə Təşkilatına bildirmişdi ki, Covid kimi simptomları olan ilk xəstəni 8 dekabr 2019-cu ildə Vuhan şəhərində qeydə alıblar. Ancaq buna nə ABŞ-da, nə də bir sıra ölkələrdə inandılar. ABŞ prezidenti Co Baydenin koronavirus pandemiyası üzrə baş məsləhətçisi Entoni Fausi də etiraf edib ki, ölümcül virusun süni yollarla inkişaf etməsinə dair şübhəsi var və o virusun harada ortaya çıxmasının araşdırılmasına ehtiyac olduğunu vurğulayıb. Digər tərəfdən hazırki dövlət katibi Entoni Blinken də koronavirus pandemiyasıyla bağlı “erkən mərhələlərində” şəffaflığın olmadığını bildirib. Başqa sözlə ABŞ-ın hazırki administrasiyası da Çindən şübhəlidir.

Entoni Blinkenin açıqlaması mart ayında Ümumdünya Səhiyyə Təşkilatı və Çinin birgə sorğusunun yayımlanmasından sonra yayınlanıb. Sorğu virusun necə və nə vaxt yayılmağa başladığını qəti şəkildə müəyyənləşdirməyib və Qərbin narahatlıqlarını aradan qaldırmayıb. Ümumdünya Səhiyyə Təşkilatının hesabatı, virusun bir laboratoriyadan gəlmə ehtimalının “son dərəcə çətin olduğunu” təyin edib və hər hansı bir laboratoriyada bir-birinə yaxın viruslarla əlaqəli “bir qeyd olmadığını” bildirib. Bu hesabat başda ABŞ olmaqla bir çox ölkəni qane etməyib. Şübhələr azalmayıb.

Amerikanın şübhələri Pekini çox da maraqlandırmır. Pekin öz işindədir. Çin beynəlxalq təzyiqlərə baxmayaraq hərbi dəniz donanmasını böyütməyə davam edir, dənizlərdə təlimlərinin sayını artırır. Çin ətrafındakı adalara iddialıdır. Həmin adalarla hərbi bazaların yerləşdirilməsinə başlanılıb. Bunun qarşılığında ABŞ Hərbi Dəniz Qüvvələrinin yeddinci donanması Çin ətrafında mövqelərini möhkəmləndirir. Bu gedişat ABŞ və Çin arasında gərginliyi daha da artırmağa xidmət edir. Çindən narazı olan dövlətlər Amerika ətrafında toplanırlar.

Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin sədri
Xəbəri paylaş