Newscenter.az.28.05.2021. 103 il bundan əvvəl Trans Qafqaz Seyminin müsəlman fraksiyasını təmsil edən 26 istiqlalçı Azərbaycan vətənpərvəri Tiflisin Canişin Sarayında bir araya gələrək Azərbaycan Milli Şurasının tarixi iclasını keçirir və “İSTİQLAL BƏYANNAMƏSİ” adlanan sənəd qəbul edirlər. Ümummilli Lider Heydər Əliyev həmin tarixi hadisəyə- Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına və onun qurucularının fəaliyyətinə qiymət verərək qeyd edirdi ki, “Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi... Azərbaycan Xalq Cümhuriyyəti həm də bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. 1918-1920-ci illərdə Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı, milli ordusu təşkil edilmiş, müstəqil dövlətçilik atributları yaradılmış, Azərbaycan dili dövlət dili elan edilmişdir... Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir”.
Ümummilli Lider daim belə bir fikri də xüsusi vurğulayırdı ki, "Müstəqillik Azərbaycan xalqının tarixi nailiyyəti və milli sərvətidir. Biz elə etməliyik ki, bu müstəqillik daimi, dönməz və əbədi olsun!”
Bu günlərdə bütün xalqımız həmin hadisənin növbəti ildönümünü - Respublika Günü kimi qeyd edir. Bu ilki müstəqillik tariximizdə həm də ilk dəfədir ki, Respublika bayramını QALİB DÖVLƏT kimi qeyd edirik. Bu münasibətə dünyanın əksər dövlət və hökumət başçıları Prezident İlham Əliyevə təbrik məktubları ünvanlayaraq dövlət başçımıza öz xoş arzularını bildirirlər.
Hörmətli səhifə izləyicilərimi və qəlbi doğma Vətənimizlə döyünən bütün soydaşlarımızı bu əlamətdar bayram münasibətilə ürəkdən təbrik edirəm!
Əli Həsənov-Prezidentin sabiq köməkçisi