Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür

Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür


Newscenter.az.28.05.2021. Müasir dövrdə beynəlxalq münasibətlər sistemi olduqca mürəkkəb xarakterə malikdir. Hazırkı şəraitdə milli dövlətlərin dünya siyasətində yeri və rolu həyata keçirilən xarici siyasətin səmərəliliyindən asılıdır. Çoxvektorlu və praqmatik strateji kurs milli maraqları təmin etməklə yanaşı, ölkələrin qarşısında yeni perspektivlərin açılmasını da şərtləndirir. Bir sözlə, milli dövlətlərin inkişafını və beynəlxalq müstəvidə layiqli yer tutmasını təmin edən çoxsaylı strateji faktorlardan biri həyata keçirilən daxili və xarici siyasətin müasir çağırışlara, milli maraqlara uyğun olmasıdır.

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artır”. Ümumilikdə 60-dan artıq ölkə rəhbəri tərəfindən yazılmış təbrik məktubları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və genişlənən əməkdaşlığının göstəricisidir.

Bu gün beynəlxalq birliyin ən fəal üzvlərindən birinə çevrilən Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Etiraf etmək lazımdır ki, ABŞ planetimizin əsas güc mərkəzlərindən biridir və yeni dünya düzəninin qurulmasında bu ölkənin kifayət qədər böyük rolu var. Bu mənada Azərbaycanla ABŞ arasındakı münasibətlər xüsusi əhəmiyyət kəsb edir.

Ölkələr arasındakı münasibətlərin inkişafı yeni perspektivlər üçün yol açır. İstər Novruz təbrikində, istərsə də ABŞ-ın dövlət katibi Entoni Blinkenin aprelin sonlarında etdiyi telefon zəngi zamanı aparılmış söhbətlərdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi ABŞ-ın bu istiqamətdəki siyasətinin prioriteti kimi vurğulanmışdır. Burada enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlıq, Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsi, insan haqlarının qorunması kimi məsələlər xüsusi olaraq vurğulanır

Azərbaycan ilə İran arasında münasibətlər qardaşlıq və mehriban qonşuluq prinsipləri əsasında qurulub. İran İslam Respublikasının Prezidenti Həsən Ruhani öz məktubunda möhtərəm Prezidentimiz cənab İlham Əliyevi təbrik edərək, müstəqilliyin ilk günlərindən ölkələrimizin iki səmimi qonşu kimi tarixi, mədəni və dini bağlara əsaslanaraq, yüksək səviyyəli qardaşlıq və mehriban qonşuluq münasibətləri nümayiş etdirdiyini vurğulayıb. Hər iki ölkənin gələcəkdə də zəngin mədəniyyətindən və qədim tarixindən ilhamlanaraq qarşılıqlı anlaşma prinsipinə, xalqlarımızın istəyinə uyğun olaraq, siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi, həmçinin regional sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə əməkdaşlıq edəcəyi bildirilmişdir.

Dünyanın nüfuzlu dövlətlərinin yüksək rütbəli rəsmilərinin və beynəlxalq aləmdə tanınmış, məşhur şəxslərin dilindən dövlətimizin qüdrəti, onun bölgədəki rolu haqda səslənən fikirlər isə hər birimizdə fəxarət hissi yaradır. Bəli, bu reallıqdır və dünya Azərbaycan reallıqlarını qəbul edir. Burada ikitərəfli və çoxtərəfli münasibətlər ən vacib şərtlərdəndir. Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərini düzgün müəyyənləşdirməsi, dünyanın ayrı-ayrı dövlətləri ilə yaratdığı əlaqələrin, beynəlxalq təşkilatlarla, bu qurumlara üzv olan dövlətlərlə əməkdaşlığın uğurlu nəticələri ölkəmizi dünya birliyi müstəvisində söz və nüfuz sahibi edib. Daxili və xarici siyasətin bütün məqamlarının zərgər dəqiqliyi ilə həyata keçirilməsi dövlətçiliyimizin möhkəmlənməsinə, cəmiyyətin demokratik dəyərlərlə idarə olunmasına, xalqın sosial həyat səviyyəsinin yüksəlməsinə, bir sözlə, hüquqi, demokratik dövlət quruculuğuna xidmət edir.

Şərq xalqları arasında Azərbaycan xalqı ən demokratik, hüquqsevər, humanist bir xalqdır. Bu gün də Respublika Gününün keçirilməsi Azərbaycan vətəndaşlarının tarixi unutmadığını və öz ənənələrini daimi olaraq yaşatdığını təsdiq edir. Biz Ulu Öndərimiz Heydər Əliyevin bizə qoyub getdiyi mirası qoruyub saxlamalı və bu yolda daim birgə addımlamalıyıq. Məhz bu müstəqilliyimiz bu gün də qorunub saxlanılır, bu da Azərbaycanın dövlətçilik ənənələrinin indi də yaşadığının göstəricisidir. Belə bir günün bu gün də qeyd olunması Azərbaycan tarixinə verilən dəyərdir. Bu onu göstərir ki, Azərbaycanın qədim dövlətçilik və idarəçilik tarixi vardır.

2020-ci ilin dünya ölkələri üçün çətin və mürəkkəb olmasına baxmayaraq, Azərbaycanın tarixinə silinməz izlərlə həkk olundu. 27 sentyabr tarixindən başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, mədəni-tarixi abidələrinin dağıdılmasına, milli-mənəvi dəyərlərimizin məhvinə, zəngin təbii ehtiyatlarımızın qanunsuz talanına və azərbaycanlıların öz torpaqlarından didərgin düşməsinə səbəb olan Ermənistanın işğalçılıq siyasətinə ağır zərbə vurulması ilə nəticələndi. Azərbaycan tarixi qələbə qazandı. Bu qələbə ilə itirilmiş milli-mənəvi dəyərlərimizə və tarixi-dini abidələrimizə bir daha sahib çıxdıq.

Tural Məmmədov-
Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Xəbəri paylaş