Newscenter.az.28.05.2021. Azərbaycan Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Respublika günü münasibətilə fərqli ölkələr tərəfindən ünvanlanmış təbrik məktubları bir daha onu göstərir ki, Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir. Ümumilikdə 60-dan artıq ölkə rəhbəri tərəfindən yazılmış təbrik məktubları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və genişlənən əməkdaşlığının göstəricisidir.
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində öz status və rolunu artırmışdır. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycanın əməkdaşlıq etdiyi prioritet ölkələr sırasına daxil olmaq üçün yalnız ABŞ və Rusiyanın deyil, həm də Çin və ABŞ-ın rəqabət aparması dövlətimizin artan nüfuzundan və regiondakı rolundan xəbər verir.
ABŞ Prezidentinin təbrik məktubu ölkələr arasında etibarlı münasibətlərin inkişafının göstəricisidir. Təbrik məktubunda ikitərəfli münasibətlərin çoxşaxəliliyinə xüsusi önəm verilir. Müstəqilliyimizin bərpasından keçən 30 ilə yaxın müddətdə ABŞ və Azərbaycan xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıb. Ağ Ev Administrasiyası Azərbaycanın enerji layihələrini dəstəkləyir və bu layihələrin inkişafında maraqlıdır. ABŞ ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. Müharibədən yeni çıxmış ölkəmizin bundan sonra qonşu dövlətlərlə sülh içində yaşamasına ümid ifadə edən ABŞ rəhbərliyi ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qaldığını vurğulayır. Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılmasında kömək etmək və icmalara yanaşı yaşamaq lazım olduğunu izah etmək istiqamətində ABŞ-ın verə biləcəyi töhfələr danılmazdır.
Azərbaycan digər nüfuzlu ölkələr ilə də ikitərəfli münasibətlərə malikdir. Əldə olunan uğurlar, artan nüfuz və iqtisadi potensialına görə Azərbaycan bir çox ölkə rəhbərləri tərəfindən strateji tərəfdaş kimi dəyərləndirilir. Rusiya Prezidenti öz təbrik məktubunda ölkəmizin sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə nəzərəçarpan uğurlar əldə etdiyini vurğulayıb. O, Azərbaycanın dünya arenasında yüksək nüfuz qazandığını, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynadığını bildirərək Azərbaycan ilə mehriban dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətləri yüksək qiymətləndirib. Məktubdan aydın olur ki, bundan sonra da xalqlarımızın rifahı, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə Azərbaycan ilə strateji tərəfdaşlıq Rusiya üçün önəmli vəzifələrdən birini təşkil edəcəkdir.
Azərbaycanla münasibətlərin daha da dərinləşdirilməsinə maraqlı olan ölkələrdən biri də Çin Xalq Respublikasıdır. Çin Xalq Respublikasının Sədri Si Cinpinin təbrikində ikitərəfli münasibətlərdə fəal inkişaf dinamikası müşahidə olunmasına, ölkələrimizin hər iki tərəfin əsas maraqlarına aid məsələlərdə bir-birini dəstəkləməsinə diqqət çəkilir. “Bir kəmər, bir yol” beynəlxalq layihəsi üzrə ölkələrimiz arasında əməkdaşlığın dərinləşməkdə davam etməsi xüsusi olaraq vurğulanır. Beləliklə, dünyanın ən böyük iqtisadi güc mərkəzləri olan ABŞ və Çin Azərbaycanla birgə regional əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirirlər.
Həmçinin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani öz məktubunda Prezident İlham Əliyevi təbrik edərək, müstəqilliyin ilk günlərindən ölkələrimizin iki səmimi qonşu kimi tarixi, mədəni və dini bağlara əsaslanaraq, yüksək səviyyəli qardaşlıq və mehriban qonşuluq münasibətləri nümayiş etdirdiyini vurğulayıb. Hər iki ölkənin gələcəkdə də zəngin mədəniyyətindən və qədim tarixindən ilhamlanaraq qarşılıqlı anlaşma prinsipinə, xalqlarımızın istəyinə uyğun olaraq, siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi, həmçinin regional sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə əməkdaşlıq edəcəyi bildirilmişdir.
İtaliya Respublikasının Prezidenti Sercio Mattarella da Prezident İlham Əliyevi Respublika günü münasibəti ilə təbrik etmişdir. Öz təbrik məktubunda əməkdaşlıq əlaqələrinin perspektivlərini qeyd edərək, xalqların rifahı naminə əməkdaşlığın davamlı olmasında maraqlı olduğunu vurğulayıb. Bakı ilə Romanı yalnız energetika sektorundan mədəniyyət sahəsinə qədər olan və ortaq maraqlara söykənən, ikitərəfli münasibətlərin bütün istiqamətləri üzrə əldə edilən strateji məqsədlər deyil, həm də xalqlarımızın gələcək rifahını təmin edəcək çoxşaxəli tərəfdaşlıq birləşdirir. İtaliya Prezidenti azərbaycanlılar və italyanlar arasında qarşılıqlı rəğbət və səmimi dostluğun olmasının pandemiyanın ən kəskin dövrlərində yenidən öz təsdiqini tapdığını məktubunda ifadə edir.
Bir ölkə olaraq müstəqilliyimizə cəmi 30 ildir ki, nail olmuşuq. Bu, qısa dövr ərzində dövlətimizin apardığı daxili və xarici siyasəti, ölkəmizi dünya xəritəsində vacib geosiyasi və geoiqtisadi oyunçuya çevirmişdir. Azadlığımızın ilk illərində ölkədə gedən xoşagəlməz proseslər imkan vermirdi ki, gənc müstəqil Azərbaycan ayaqda möhkəm dayana bilsin, öz müstəqil siyasətini apara bilsin və xalqın maraqlarını doğrulda bilsin. Çox ağır, faciəvi illər idi. 1992-ci ildə AXC-Müsavat rejimi hakimiyyəti qanunsuz şəkildə zəbt etdikdən sonra vəziyyət daha da ağırlaşdı, pisləşdi. Ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Məhz o illərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi alovlanmış və torpaqlarımız işğal altına düşmüşdü. Ölkəmizdə xaos, total böhran hökm sürürdü, iqtisadiyyat iflic vəziyyətdə idi. Əlbəttə ki, Azərbaycan xalqı çıxış yolu axtarırdı. Onu da əlavə edim ki, AXC-Müsavat rejimi ölkədə vətəndaş müharibəsini başlamışdı. Xalqımız nicat yolunu Heydər Əliyevin simasında gördü, onu hakimiyyətə dəvət etdi və bir daha öz müdrikliyini təsdiqlədi. 1993-cü il müasir tariximizdə dönüş nöqtəsi idi. Məhz 1993-cü ildən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, Azərbaycanda sabitlik təmin edildi və ölkə inamla irəliyə getməyə başladı. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi və iqtisadi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, cəmiyyətin bütün sahələrini əhatə edən islahatların həyata keçirilməsi nəticəsində Azərbaycan dünyanın qabaqcıl ölkələri sırasında yer qazanıb, iqtisadi inkişaf tempinə görə lider ölkələrdən birinə çevrilib.
Eldəniz Səlimov-Milli Məclisin deputatı