Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il ilk dəfə Respublika günümüzü ərazi bütövlüyümüzün bərpa olunduğu şəraitdə qeyd edirik



Newscenter.az.28.05.2021. Müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ili tamam olur. Ötən illərdən fərqli olaraq bu il ilk dəfə Respublika günümüzü ərazi bütövlüyümüzün bərpa olunduğu şəraitdə qeyd edirik. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmış və xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi.

Biz həmişə azad yaşamışıq, tarixin bütün mərhələlərində dövlətlərimiz olub. 1918-ci ildə də tarixi şərait yetişdiyi anda Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. O dövr üçün qabaqcıl ziyalılar təbəqəsinin yetişməsi də müstəqil dövlətimizin yaranmasında müstəsna rol oynadı. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

Cümhuriyyətin ömrü qısa olsa da, xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirdi. Onun şüurlara aşılamış olduğu müstəqillik ideyaları bütün məhrumiyyətlərə baxmayaraq, xalqımızın yaddaşından heç vaxt silinmədi. 70 illik sovet hakimiyyəti dövründə xalqımız milli azadlıq ideallarını qorudu, yaşatdı və nə vaxtsa onların həyata vəsiqə alacağına inamını heç vaxt itirmədi. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin sovet hakimiyyəti dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə həyata keçirdiyi fəaliyyət xalqımızın milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsinə və həqiqətə çevrilməsinə zəmin yaratdı.

Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Cümhuriyyətin qurucularına hər zaman yüksək ehtiram nümunəsi göstərən Prezident İlham Əliyev də xalqımızın tarixi keçmişinin öyrənilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır. “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın dövlət qayğısı ilə yüksək səviyyədə nəşri bunun parlaq təzahürüdür. Hər il 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin adından rəsmi qəbullar təşkil olunur, bu əlamətdar günlə bağlı dövlət başçısı xalqı təbrik edir. Bakıda cümhuriyyətin şərəfinə ucaldılan abidənin açılması Azərbaycan hakimiyyətinin dövlətçilik tariximizə verdiyi qiymət kimi olduqca diqqətəlayiqdir.

Biz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Artıq torpaqlarımız işğaldan azaddır, respublikamızın ərazi bütövlüyü bərpa olunub. Bu gün İlham Əliyevin liderliyi ilə müstəqilliyimizin ən şərəfli tarixi yazılır. Şanlı Ordumuz 30 ildən sonra düşmən tapdağında olan tarixi ərazilərimizi azad etdi. Bu gün həmin ərazilərimizdə üçrəngli Azərbaycan bayrağının qürurla dalğalanması həm cümhuriyyətin qurucularının, müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə ən böyük hədiyyədir!

Anar MƏMMƏDOV-Milli Məclisin deputatı
Xəbəri paylaş