Newscenter.az.28.05.2021. Zamanla həyatınızda yeni qapılar açılacaq. Qapıların sayı get-gedə o qədər çoxalacaq ki, bəzən qapıları özünüzün seçmək kimi şanslarınız olacaq. Getdikcə hadisələrə baxış tərziniz tamamilə dəyişəcək.
Özünüzə inam özünüzə sevgi yaradacaq. Qüsurlarınızı dərd etməyəcəksiniz. Özünüzü olduğunuz kimi qəbul edib gücünüzə güvənəcəksiniz. Qüsurlarınızı örtəcək, xasiyyətlərinizi qabardacaqsınız. Cəsarətə gəlib, "bəli, mənim qüsurlarım olsa da, onlardan daha üstün bacarıqlarım da var" - deyəcəksiniz. O zaman sizin dürüstlüyünüz və özünəinamınız, bəlkə də, həyatdakı çevrilişinizin başlanğıcı olacaq. Özünəinamın yaratdığı auradan özünüz də zövq alıb, daha da güclənəcəksiniz. Özünüzü buludların arasında hiss edəcəksiniz. O qədər xoşbəxt olacaqsınız ki, gülüşünüzlə ətrafınıza xoş enerji paylayacaqsınız. İnsanlarada özgüvənlik yaradacaqsınız.Bəlkə də, avtobusda, metroda, yoldan keçəndə qarşılaşdığınız insanlara bağışladığınız xoş aura, gözlərinizdəki balaca qıyıq, dodağınızdakı təbəssüm onların həyatlarını dəyişəcək, yaralarına məlhəm olacaq?! Bunu İlahinin göndərdiyi bir işarə kimi qəbul edəcəklər. Ağıllarında düşünüb, cavab tapmağa çəkinənlər təbəssümünüzdəki işarədə bir çıxış yolu tapacaqlar. Gülüş, təbəssüm uğur qazanmağın açarı, neqativləri əzməyin ən yaxşı yoludur.
Həyatda həmişə uğur əldə etmirik, olur ki, ciddi problemlərimiz yaranır, bəzən işimizi, sağlamlığımızı itiririk, ailəmizdə, ətrafımızda kədərli anlar yaşayırıq. Amma bir gün hər şeyi yenidən qura biləcəyin o hiss və inam səni ayaqda tutur. Bu zaman beyninizdəki müsbət emosiyalara yollar açın, meydan verin, keçmişdəki inamınızı yenidən qaytarın və daha əzmkarlığınıza əngəl olanlara fikir verməyin. Anlayın ki, insan hansısa məqsədinə çatmaq üçün müəyyən mərhələlərdən keçməlidir...
Özünüzə olan güvən duyğusuna nələrin təsir etdiyini doğru təhlil edin. Həvəsdən düşməyin. Bəlkə, başqa insanların sizin sahib olmadığınız bacarıqları var. Amma Siz də böyük ehtimalla onlarda olmayan keyfiyyətlərə maliksiniz. Bu keyfiyyətləri axtarın, kəşf edin, inanın. İnsanı ayaqda saxlayan, güc verən inamıdır.
İnsanın ən məğlub günü özünə inamının itirdiyi gündür. Bu, ata-ana, dost, bacı, sevgi itkisinə bənzəmir. Çünki sən özünü itirirsən...
İnamınızın zəiflədiyi məqamlarda edə biləcəyiniz ilk iş, heç kimin mükəmməl olmadığını qəbul etməkdir. Bu zaman tək ümid yeriniz yenə də dodaqlarınız olsun!
Gülümsəyin, xanımlar və cənablar!
Sizin olan dodaqlarınıza güvənin və... gülümsəyin. Pessimist olmaq çətin deyil. Çətin olan, dəli bir fırtınadan sonra göyqurşağı kimi gülümsəyə bilməkdir.
İnam gülüşlərdən yaranır, inamı gülüşlər yaradır..
Aygül Bağırova
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" media mükafatı laureatı