Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

NAYORA Azərbaycan Xalq Cümhuriyyətinin 103 illiyinə həsr olunmuş silsilə tədbirlər həyata keçirib



Newscenter.az.28.05.2021. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycanlının milli qürur hissi duyduğu bir gündür. Müsəlman Şərqində ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. 23 ay mövcud olmasına baxmayaraq, dövlət quruculuğu, elm, təhsil, mədəniyyət və maarifçilik istiqamətlərində çoxsaylı işlər görüldü, o dövrün ziyalıları, siyasi xadimləri, yazıçıları tərəfindən milli kimliyimiz və dövlətçilik ənənələrimizin gələcək nəsillərə ötürülməsi yönündə mühüm addımlar atıldı.

Vətənpərvərlik ənənələrini yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) “Azərbaycan Xalq Cümhuriyyətinin 103 illiyinə həsr olunmuş” silsilə tədbirlər həyata keçirib.

Newscenter.az xəbər verir ki, NAYORA və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) birgə təşkilatçılığı ilə Respublika Gününə həsr olunmuş “Cümhuriyyət Parlamentariləri” mövzusunda gənc debatçıların iştirakı ilə Paris Sülh Konfransında ölkəmizin de-fakto tanınması prosesinin simulyasiyası keçirildi. Simulyasiya zamanı Azərbaycan Xalq Cümhuriyyətinin tanınması prosesində iştirak etmiş dövlətlər təmsil edilmiş və ölkələrin nümayəndə heyətləri arasında müxtəlif istiqamətlərdə müzakirələr təşkil edilmişdir.

Silsilə tədbirlər çərçivəsində gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə Gəncə şəhərindəki Azərbaycan Xalq Cümhuriyyəti Hökumət binasının muzeyi ziyarət edilib, gənclər muzeydə nümayiş etdirilən və AXC dövrünə aid olan eksponatlarla tanış olublar.

Gəncə səfəri zamanı Cümhuriyyətin keçdiyi 23 aylıq şərəfli yola, məşəqqətli tarixə işıq salmaq və parlamentin son iclası zamanı yaşananları canlandırmaq üçün gənclər AXC-nin 100 illiyinə həsr edilmiş “Son İclas” filmini izləyiblər. Film nümayişi bitdikdən sonra gənclər çıxış edərək, dövlət müstəqilliyi, beynəlxalq aləmdə əldə edilən uğurlar, 103 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin sosial-siyasi fəaliyyəti, eləcə də bu ənənələrə söykənərək XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası və Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müasir müstəqil dövlətçiliyimizin bərqərar olması mövzuları ətrafında müzakirələr aparıblar.

Silsilə tədbirlərin davamı olaraq NAYORA tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti haqqında posterlər hazırlanaraq sosial mediada onlayn kampaniya həyata keçirilib.

Azərbaycan dövlətçiliyini, milli maraqlarımızı hər şeydən üstün tutan böyük dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu, müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan edib. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf yolunda əmin addımlarla irəliləyir.

Sevinc
Xəbəri paylaş