Newscenter.az.28.05.2021. Bu həftə xəbər saytlarını, televiziyaların xəbər buraxılışlarını izləyən insanlarımız əvvəlki həftələrlə bu həftənin xəbər axışındakı mühüm bir fərqi hiss etdilər. Həftə ərzində KİV-lərin xəbər bülletenlərində dünya liderlərinin Azərbaycan xalqına və şəxsən Azərbaycanın dövlət başçısına ünvanlandığı çoxsaylı təbrik məktubları haqda məlumatlar başlıca yer tuturdu. Belə ki, son bir həftədə dünyanın aparıcı ölkələrinin liderləri və nüfuzlu beynəlxalq təşkilatlarının rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika günü münasibətilə təbrik məktubları göndərdilər. Dövlət başçımıza təbrik məktubu ünvanlayan liderlərin arasında kimləri görürük? ABŞ, Rusiya, Çin, İran, İtaliya, Hindistan, Almaniya, Gürcüstan, Özbəkistan prezidentlərini, Böyük Britaniya kraliçasını, Yaponiya imperatorunu və bir çox başqa ölkələrin dövlət və hökumət başçılarını, Nursultan Nazarbayev kimi bütün Türk dünyasının ağsaqqalını görürük.
Əlbəttə, bütün bunlar ölkəmizə və liderimizə olan xüsusi marağın və beynəlxalq diqqətin göstəricisidir. Azərbaycanın son 18 ildə İlham Əliyevin liderliyi ilə qazandığı iqtisadi-siyasi uğurlar sözsüz ki, ölkəmizin dünyadakı nüfuzunu, əhəmiyyətini və çəkisini bir xeyli artırıb, regional və beynəlxalq proseslərdəki aparıcı mövqeyini daha da möhkəmləndirib. Son günlərdə İlham Əliyevə ünvanlanan təbrik məktublarında yer alan səmimi fikirlər və əməkdaşlığın inkişaf etdirilməsinə dair təkliflər birbaşa Azərbaycan dövlətinin və xalqının əldə etdiyi uğurların nəticəsidir. Müzəffər Ordumuzun 44 günlük müharibə nəticəsində torpaqlarımızı işğaldan azad etməsi, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması, dövlət başçımızın qətiyyəti və siyasi iradəsi sayəsində bölgədə yeni reallıqların formalaşması Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu daha da artırdı. İndi Azərbaycan həm qalib ölkə kimi, həm də Qoşulmama Hərəkatının lideri kimi təkcə Cənubi Qafqazda deyil, eyni zamanda beynəlxalq gündəlikdəki mühüm məsələlərin müzakirə edilməsində və həllində daha fəal rol oynamaq imkanı qazanıb. Məhz bunun nəticəsidir ki, sözügedən təbrik məktublarının hər birində strateji tərəfdaşlığın və əməkdaşlığın bundan sonra daha da möhkəmləndirilməsi barədə fikirlər yer alır.
Görünən budur ki, Azərbaycan bu ölkələrin hər biri üçün mühüm və etibarlı tərəfdaşa çevrilib. Biz bunu istər ABŞ Prezidenti Cozef Baydenin, istər Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin, istərsə də İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dövlət başçımıza ünvanladıqları məktublarında ölkələrimiz arasında artıq mövcud olan möhkəm və çoxşaxəli münasibətlərin daha da inkişaf edəcəyinə əminliklərini ifadə etmələrindən də görürük. Adlarını qeyd etdiyimiz və etmədiyimiz dövlət başçılarının, hökumət rəhbərlərinin göndərdikləri təbrik məktublarının hər biri xalqımıza və dövlətimizin başçısına qarşı bəslədikləri xüsusi hörməti, inamı ifadə edir. Bir sözlə, bu gün 103 yaşını qeyd etdiyimiz müstəqil Azərbaycanımız son 30 ildə dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilməklə imzalar içində imzamızın varlığını təsdiqləyib. Güclü dövlətin vətəndaşı, 44 günlük savaşda parlaq Qələbə qazanan millətin övladı olmaq həqiqətən də fəxarətdir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri