Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşa, Füzuli, Cəbrayılın və digər şəhərlərin Baş Planları hazırlanır



Newscenter.az.28.05.2021. "Hesab edirəm ki, bu gün tarixi gündür. Çünki bu gün azad edilmiş torpaqlarda birinci Baş Plan artıq təsdiqlənir. İndi Şuşa şəhərinin Baş Planı hazırlanır, artıq bir müddətdən sonra təsdiqlənəcək. Füzuli şəhərinin, Cəbrayıl şəhərinin, digər şəhərlərin Baş Planları üzrə iş gedir. Amma birinci Baş Plan, bax, burada təsdiqlənəcəkdir".

Newscenter.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində bildirib.

Dövlət başçısı deyib:

"Artıq bir neçə tədbir keçirildi. Ağdam şəhəri üçün çox önəmli olan 1 saylı məktəbin təməli qoyuldu. Siz yaxşı bilirsiniz ki, bu məktəbin çox böyük tarixi var, 140 illik tarixi var. Gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyuldu. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir. Eyni zamanda, mənim göstərişimlə Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası mənə təqdim edildi. Yer seçildi və həm Zəfər, həm İşğal muzeyləri çox möhtəşəm olacaq. Digər obyektlər, digər tədbirlər, böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində böyük bir meşə zolağı olacaq - 125 hektarlıq. Süni göl yaradılacaq, kanallar, körpülər. Şəhərin müasir standartlara, müasir tələblərə uyğun inkişaf planı artıq tam işlənib hazırlanıb. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Yəni, bu gün bu görüşdən sonra birlikdə bizə bu təqdimat göstəriləcəkdir".
Xəbəri paylaş