Newscenter.az.28.05.2021. 103 il əvvəl xalqını ürəkdən sevən, milli azadlıq ideyalarının çarçıları olan vətənpərvər ziyalımızın siyasi əməyi nəticəsində Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti (AXC) öz istiqlaliyyətini elan etdi.
Xalqımızın milli dövlətçilik tarixinin şanlı səhifəsi və salnaməsi olan Xalq Cümhuriyyəti Azərbaycan sözünün müasir siyasi-hüquqi məzmun, rəsmi dövlət statusu almasına səbəb olmuşdur. Dövlətçilik atributlarımızı, ordumuzu, himnimizi, gerbimizi yaradan Xalq Cümhuriyyəti bütövlükdə Türk dünyasında, müsəlman Şərqində parlaq bir hadisəyə çevrilmişdir.
Bu günkü müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətimizin varisidir. Ulu öndərimiz Heydər Əliyev qeyd edirdi ki, AXC xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır.
Ümummilli lider Azərbaycan Xalq Cümhuriyyətini xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirməsində müstəsna rol oynadığını xatırladaraq cümhuriyyətin təşəkkül tapmasında və fəaliyyət göstərməsində ona rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının xidmətlərini yüksək qiymətləndirmişdir. Fəxr və qürurla bildirirdi ki, bu günkü müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin əmanətidir.
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinə dərin ehtiram hissi ilə yanaşır, Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verir, bu tarixi günü daim əziz tutur. Onun bu diqqətinin nəticəsində Xalq Cümhuriyyətinin qurucularının adları əbədiləşdirilib, həm ölkəmizdə, həm də bir çox xarici dövlətlərdə Respublika günü yüksək xalq bayramı kimi qeyd edilir. Onun xüsusi diqqətinin nümunəsi olaraq AXC-nin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində abidə ucadılıb. Dövlətimizin başçısının iftixarla bildirdiyi kimi bugünkü müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. “Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaradırıq”.
Bu il Xalq Cümhuriyyətinin ildönümünü başqa bir iftixar, qüruru hissi və sevinclə qeyd edirik, bu gün Cümhuriyyət bayramımızı işğaldan azad edilmiş torpaqlarda, Qarabağda, Şuşada qeyd edirik.
Cümhuriyyətimizin 103-cü ildönümümü bu il ərazi bütöblüyünü təmin etmiş Azərbaycanımızın möhtəşəm istiqlalal günü kimi qeyd edirik.
Bu gün 28 May – Respublika Günü Şuşada - Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız dalğalanır, Qarabağın hər bölgəsində milli Respublika Günümüz qeyd edilir.
Azərbaycanın suverenlyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qəhrəman qazilərimizlə qürur duyuram.
Qoy Azərbaycanın müstəqilliyi və xalqımızın azadlığı əbədi olsun!
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor