Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağdam şəhərinin infrastrukturu tamamilə bərpa olunacaq

Ağdam şəhərinin infrastrukturu tamamilə bərpa olunacaq


Newscenter.az.29.05.2021. 44 günlük Vətən müharibəsində möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz torpaqlarımızı işğaldan azad etdi, düşmənin hərbi birləşmələri darmadağın olundu. Bunun nəticəsində işğalçı Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı.
Hazırda qarşıda dayanan əsas vəzifə azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinin həyata keçirilməsidir. Bu baxımdan, dövlət başçısının işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə canlanmanın və məskunlaşmanın şahidi olacağıq.

Ağdam şəhəri üçün çox önəmli və 140 illik tarixi olan 1 saylı məktəbin təməli qoyuldu. Gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyuldu. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir. Eyni zamanda, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası artıq hazırlanıb. Böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində böyük bir meşə zolağı olacaq - 125 hektarlıq. Süni göl yaradılacaq, kanallar, körpülər. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq.

Ağdam şəhəri haqlı olaraq “Qafqazın Xirosiması” adlandırılır. Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın inkişaf etmiş şəhərlərindən biri idi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi xarabalıqlar qalıb. Erməni vandalları, hətta Şəhidlər xiyabanını, qəbiristanlıqları da dağıdıblar. 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilən “Qarabağ məscid memarlığı” məktəbinə aid olan Ağdam Cümə məscidi ermənilər tərəfindən dağıntılara məruz qalıb, minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.

İşğaldan azad olunmuş ərazilərimizdə və tarixi Azərbaycan torpaqları olan Ermənistan ərazisində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikdir.

Vətən müharibəmiz xalqımızın 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoymaqla yanaşı, Azərbaycanda illərdir güclü dövlət quruculuğu istiqamətində aparılan strategiyanın və müəyyən hədəflərə hesablanmış ağıllı siyasətin məntiqi nəticəsi oldu. Bu qırx dörd gün bütün dünya ordumuzun gücünə, möhkəm siyasi iradəmizə, xalqımızın sarsılmaz birliyinə, böyük iqtisadi imkanlarımıza və Qələbəmizi şərtləndirən bu kimi digər amillərə şahidlik etdi.

Ali hədəflərə çatmaq yolunda haqq işimizin beynəlxalq ictimaiyyətə çatdırılması və onun dəstəyinin qazanılması olduqca zəruri məsələlərdən idi. Ölkənin ali rəhbərliyinin bütün səfərlərində, keçirdiyi bütün görüşlərində, mötəbər tribunalarda etdiyi bütün çıxışlarda Dağlıq Qarabağ münaqişəsi əsas mövzu oldu. Bununla yanaşı, müvafiq dövlət qurumlarımız, diplomatik missiyalarımız, diaspor təşkilatlarımız bu işdə səfərbər olundu və əməli addımlar atıldı, beləliklə, dünya Azərbaycanın ədalətə söykənən mövqeyi barədə məlumatlandırıldı.

Zəfər paradı Vətən müharibəsinin növbəti şərəfli səhifəsi kimi tariximizi şərəfləndirdi, düşmənlərimizin isə bağrına ox kimi batdı. Qüdrətlənən Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməklə tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi.

Tural Məmmədov-
Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Xəbəri paylaş