Newscenter.az.29.05.2021. Qalibləri mühakimə etmirlər fikri tarixin sınağından çıxmış bir ifadədir. Beynəlxalq protokol qaydalarına əsasən əlamətdar günlərdə dövlət başçıları bir-birlərinə təbrik məktubları ünvanlayır, xoş arzular ifadə edirlər. Lakin 2021-ci ildə 28 may-Respublika günü münasibətilə cənab Prezidentimizə ünvanlanan təbik məktublarının məzmununda başqa bir fərqlilik hiss olunmaqdadır. Sanki bu təbrik məktublarında Azərbaycana qarşı daha isti münasibət sərgilənir, Azərbaycanla əməkdaşlığa böyük maraq ifadə olunur. Bu belə də olmalıdır. Çünki, əldə etdiyi uğurlar və qazandığı tərəfdaşlar sayəsində beynəlxalq miqyasda öz nüfuzunun yüksəlməsinə nail olan Azərbaycan regionun lideri və beynəlxalq təşəbbüslərin müəllifi kimi tanınır.
Bütün beynəlxalq görüşlərdə Azərbaycan səmimi əməkdaşlıq üçün hər kəsə açıq olduğunu, regionda sülh, sabitlik və iqtisadi inkişaf naminə bütün ölkələrlə ortaq iş birliyinə hazır olduğunu bəyan edir. Bu baxımdan Azərbaycana olan maraq gündən-günə artmaqdadır. Dünyanın aparıcı dövlətlərindən sayılan ABŞ, Rusiya, Çin, İtaliya, Almaniya, Böyük Britaniya və digər ölkələr ikinci Qarabağ müharibəsindən sonra Azərbaycanın əməkdalıq etdiyi ölkələr sırasına daxil olmaq üçün sanki bir-biri ilə rəqabət aparırlar.
ABŞ Prezidentinin Azərbaycan Prezidentinə Respublika günü münasibətilə ünvanladığı təbrik məktubunda xoş arzular ifadə olunmaqla yanaşı ABŞ-Azərbaycan əlaqələrinin genişlənən xətt üzrə inkişaf etdiyi vurğulanır, Azərbaycanın Avropanın enerji təhlükəsizliyndə oynadığı rol, NATO-nun sülh naminə tərəfdaşlıq proqramı çərçivəsində terrorla mübarizə səylərinə verdiyi dəstək xüsusi qeyd olunur, ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinin ABŞ siyasətinin bu istiqamətdəki prioritet məsələsi olduğu bildirilir.
Rusiya Prezidentinin təbrik məktubunda Azərbaycan strateji tərəfdaş kimi göstərilməklə ölkələrimiz arasında sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə əməkdaşlığın genişləndiyi vurğulanır. Rusiya Prezidenti Azərbaycanın dünya miqyasında böyük nüfuz qazandığını , beynəlxalq arenada mühüm məsələlərin həllində fəal rol oynadığını bildirməklə Rusiya ilə Azərbaycan arasında mehriban dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin yüksək səviyyədə olduğunu bildirir. Eləcə də İtaliya, İran, Böyük Britaniya dövlət başçılarının Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda ölkəmizlə əməkdaşlıq əlaqələrinin davamlı inkişafına və genişləndirilməsinə maraq ifadə olunur. Bütün bunlar müstəqil Azərbaycanın “dəmir yumruq”lu Prezidentinin 44 günlük müharibədə əldə etdiyi parlaq qələbənin nəticəsində baş verir. Ümid edirik və əminik ki, bu Qələbənin əks-sədası Azərbaycanın Zəfər tarixində yeni-yeni səhifələr açacaq, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunacaq və regionun qüdrətli dövləti kimi Azərbaycanla əməkdaşlıq etməyə maraq göstərən dövlətlərin sayı gündən-günə artacaqdır.
İradə Baxışova
Kəlbəcər rayon 109 nömrəli tam orta məktəbin direktoru