Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əli Əsədov: “Ermənistanla sərhəd məsələsini konstruktiv şəkildə həll etməyə tam hazırıq”



Newscenter.az.29.05.2021. “İndi, hərbi əməliyyatlar başa çatandan sonra Azərbaycan öz sərhəd infrastrukturunu müəyyən etməyə başlayıb və Ermənistan ilə sərhəd xətləri məsələsini konstruktiv şəkildə həll etməyə tam hazırdır”.

Newscenter.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov mayın 28-də Minskdə Müstəqil Dövlət Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında deyib.

O bildirib ki, bununla əlaqədar Azərbaycan Rusiya tərəfinin Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyası üzrə müvafiq üçtərəfli komissiya yaradılması təklifini dəstəkləyib. Qeyd edilib ki, sərhəd xətlərinin müəyyən edilməsi texniki prosesdir və bu prosesin ciddi beynəlxalq hüquqi əsası olmalıdır.

Baş nazir vurğulayıb ki, Azərbaycan regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə, o cümlədən münaqişədən sonrakı vəziyyətin normallaşdırılması prosesinə və bütün fikir ayrılıqlarının 2020-ci il 9/10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların müddəalarının vicdanla yerinə yetirilməsi kontekstində diplomatik vasitələrlə həll edilməsinə tərəfdardır.
Xəbəri paylaş