Newscenter.az.29.05.2021. Mayın 28-də qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının iştirak etdiyi Qızıl Avropa Liqasına start verilib. 16 aydan sonra rəsmi görüşünə çıxan yığmamız İspaniya millisi ilə qarşılaşıb.
Newscenter.az-a Azərbaycan Voleybol Federasiyasından bildirilib ki, oyun komandamızın üstünlüyü ilə başlasa da, rəqib tezliklə dönüş yaradıb. İlk setdən 25:22 hesabı ilə qalib ayrılan İspaniya millisi ardınca da eyni hesabla qalib gəlib. Sonuncu hissəni isə rəqib 25:12 hesabı ilə aktivinə yazıb və 3:0-la 3 xala yiyələnib.
Rumıniyada baş tutan A qrupunun digər görüşündə ev sahibləri Fransa ilə üz-üzə gəlib. Matç rumınların 3:2 (17:25, 23:25, 26:24, 26:24, 15:11) hesablı qələbəsi ilə bitib.
Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar.
Qeyd edək ki, Qızıl Avropa Liqasında hər qrupda 4 komanda 3 qrupda mübarizə aparacaq. İki dövrədən ibarət olacaq oyunlardan sonra qrup mərhələsinin qalibi və ən yaxşı ikinci yerin sahibi iyunun 19-20-də Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. B qrupunun iştirakçısı olan Bolqarıstan yığması finala vəsiqə qazanan komandalar arasında yer tutmazsa, o, həlledici mərhələyə qrup birinciləri ilə birgə ev sahibi kimi qatılacaq.
Sevinc