Newscenter.az.30.05.2021. İstər uşaq olsun, istərsə də böyük – fərqi yoxdur, bura hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs yer, müqəddəs məbədgahdır. Çünki burada uyuyan hər bir Azərbaycan övladının qanı öz vətəninin, öz torpağının, öz xalqının azadlığı uğrunda axıdılıb.
Respublikamızın elə bir bölgəsi yoxdur ki, orada Şəhidlər xiyabanı olmasın. Bəli, Azərbaycan xalqının öz igid oğulları ilə fəxr etməyə haqqı var...
Bugün doğulub, boya başa catdığım Nizami yurdum Gəncə şəhəri və 12 il fəaliyyət göstərdiyim Göygöl rayonunun şəhidlərini ziyarətə getdim.Hər məzarı tək tək ziyarət edərək düşünürdüm......
İgidlərim..... vətənin Ən layiqli oğulları... Cənnət sakinləri... Nə düşündüz düşmən üzərinə gedərkən? Kimi xəyal etdiz? Yoxsa, heç kimi, hətta dünya nemətlərindən ən şirini olan canınızı belə, düşünmədən qatı düşməndən öc almaq üçün bütün nifrətini silaha çevirib irəli atıldız - sonunuzu düşünmədən, ölümü saya salmadan. Qəhrəmanlığa əvvəlcədən hazırlaşmırlar, məşq eləmirlər, o, an məsələsi olur. Siz müharibəyə yollanarkən qərarınızı verdiz – Vətən üçün ölməyə dəyər! – dediz...
Daşlara yazılan adlar eyni deyil – o daşdakı adlardan Şəhid adı hər bir Vətən övladının müqəddəs saydığı addır, ünvandır. Daşların dili olsa, altında uyuyanın qiymətini elə bir etiraf edər ki, insan həyatın əsl mənasını dərk edər.
Və....Müqəddəs məzardan baxan universitetdən tanıdığım pozitiv həmişə gülər üzlü Rabil Elbrus oğlu İsmayılovu gördüm.Məzar daşındanda sanki gülürdü....Müəllim idi Rabil.....Məktəbdə müəllim, cəbhədə bir vətən oğlu kimi savaşdı.Vətən sevgisini şagirdlərinə öz canı ilə aşıladı Rabil müəllim.....
Qan yuxulu, ədəbiyyat ağrılı, Vətən həsrətli qəbirlərdən ayrıla bilmirəm. Təkrar-təkrar deyirəm: Allah sizə rəhmət eləsin, nakam qardaşlarım! Ölümsüzlərim! Getmək mümkün deyil. Elə bil ürəyimdən və ayaqlarımdan dünyanın ən ağır daşı asılıb. Bir məzarın önündən saatlarla keçmək olmur.Hər məzar, nəinki bir ailənin, bir nəslin eyni zamanda bütün xalqın ömürlük qan yaddaşıdır.Ancaq bugün hər birimizin bir təsəllisi var....Bu gün şəhid balasının tabutunu şərəflə öz çiynində son mənzilə yola salan AZƏRBAYCAN ANASI şəhid balasından yadigar üçrəngli bayrağı, bir də ciyərparasını başı üzərinə alıb həsrət qaldığımız o torpaqlarda yüyürəcək! Onun qədəmindən, sevinc göz yaşlarından yuyulacaq, paklaşacaq, halallaşacaq bu Vətən torpağı.....
Ər oğulların can parçalarına qarışan, şəhid, qazi qanı ilə yoğrulub kərpicləşən ana torpağım!.. Tarixinin divarından düşən hər daşının yeri, O Vətən Daşı ilə hörülən, bütövləşən Azərbaycanım,Axıdılan qanların, söndürülən ocaqların qisası yerdə qalmadı. Şəhidlərin uğrunda qurban getdikləri böyük amal yerinə yetdi – millətimiz azadlığa, dövlətimiz istiqlala qovuşdu.....
Şəhidlər...
Siz bizim nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizsiz! Minlərlə gözü yolda, arzuları yarım qalanlar.. Bizi bağışlayın. Ruhunuz qarşısında baş əyirik. Bir gün, bir saat belə olsun sizi xatırlamadığımız olmur.
Nurlar içində uyuyun..
Aygül Bağırova
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" media mükafatı laureatı