Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bənövşəyi xətdə qatarların avtomatlaşdırılmış hərəkət cədvəli tətbiq edilir



Newscenter.az.30.05.2021. Bakı metropoliteninin Bənövşəyi xəttində qatarların hərəkəti tam fərqli formatda təşkil edilir. Newscenter.az Bakı Metropoliteninə istinadən xəbər verir ki, “8 Noyabr” stansiyasının istismara hazırlandığı zaman qeyd edildiyi kimi, burada inşa olunmuş dönmə kamerası hərəkət tərkiblərinin bir yoldan digərinə keçməklə əks istiqamətdə hərəkət etməsinə imkan yaradıb. Bununla qatarların hərəkət intensivliyini artırmağa, zərurət yarananda, intervalın sərnişin sıxlığına daha münasib qaydada tənzimlənməsinə və hərəkətin təşkili ilə bağlı digər prosedurları daha asan, çevik və geniş imkanlarla həyata keçirməyə şərait yaranıb. Qeyd edək ki, buna qədər qatarlar “Avtovağzal-Memar Əcəmi” mənzilində yalnız məkik (o baş-bu baş) prinsiplə hərəkət edirdilər.

Lakin yeniliklər təkcə bununla bitmir. Məlumdur ki, Konseptual inkişaf sxeminə uyğun olaraq, müstəqillik dövründə inşa olunmuş ilk yeraltı xətt- Bənövşəyi xətdə ən müasir sistemlər tətbiq edilir. Onlardan biri qatarların avtomatlaşdırılmış hərəkət cədvəlidir.
“8 Noyabr” stansiyasının istismara hazırlandığı müddət ərzində “Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzində hərəkətin təşkili üzrə əməkdaşlara təlimlər təşkil edilib. Dispetçer mərkəzi, mərkəzləşmə məntəqə növbətçilərinin cəlb edildiyi təlimlərdə ilk əvvəl sistemlərin quraşdırılmasının nəzəri biliklərin mənimsənilməsi təmin olunub. İşçilərə sistemin funksional üstünlükləri və imkanları geniş izahatı verilib. Sonrakı mərhələ peşə vərdişlərinin qrup şəklində mənimsənilməsi, habelə birgə fəaliyyət planı əsasında təcrübə və fikir mübadiləsi üzərində qurulub.

Layihənin əsas məqsədi “8 Noyabr” stansiyası istismara verilənə qədər xidməti personalın yeniliyi tam mənimsəməsi olub. Təlimləri “Bakı Metropoliteni” QSC-nin yeni sistemlərin tətbiqi sahəsində ixtisaslaşmış kadrları ilə yanaşı, innovativ yeniliklərin əsas təchizatçısı və quraşdırıcısı olan Fransanın “Thales” şirkətinin mütəxəssisləri aparıb.

Treninqin planına uyğun olaraq, avtomatlaşdırılmış hərəkət cədvəlinin tətbiqi ilə bağlı nəzəri və praktiki biliklərin gücləndirilməsinə xüsusi diqqət yetirilib. Müdavimlər sistemin imkan verdiyi bütün üstünlükləri tətbiq edərək hərəkətin təşkili, idarə olunması və tənzimlənməsini müstəqil şəkildə həyata keçiriblər. Bu məqsədlə hər dəfə icmal xarakterli tədris prosesindən sonra qatarların avtomatlaşdırılmış hərəkət cədvəli simulyatorundan geniş istifadə olunub. Yekunda praktiki məşğələlər genişləndirilib və birgə müzakirələr, təcrübə mübadiləsi aparılıb.
Tədrisin daha bir mərhələsi Bənövşəyi xəttin qatar dispetçeri mərkəzində peşə vərdişlərinin möhkəmləndirilməsi üzərində qurulub. Bu zaman qatarların xətt boyunca tam dövrə vurması, genişlənmiş manevr imkanları əyani qaydada ətraflı şəkildə izah olunub. Tədris prosesində problemli vəziyyətlərin modelləşdirilməsinə metropoliten üçün ən mühüm vəzifələrdən biri kimi hərtərəfli yer ayrılıb. Həmçinin personalın kursu mənimsəmə keyfiyyəti yoxlanılıb.

May ayının 31-də ümumi sərnişindaşıma konveyerinə qoşulacaq “8 Noyabr” stansiyasının istismara hazırlanması dövründə işçi personalın real iş şəraitində yeni texnoloji sistemlərlə çalışması müsbət nəticələr verib və təşkilatçılar personalın hazırlığını yüksək qiymətləndiriblər.


Arzu
Xəbəri paylaş