Newscenter.az.31.05.2021. Əks-hücum əməliyyatı kimi başlayan, Ali Baş Komandanın döyüş əmri ilə Vətən müharibəsi kimi davam edən döyüşlərdə Azərbaycan Ordusu tarixi Zəfər qazandı. Beynəlxalq təşkilatların illərlə həll edə bilmədiyi problemi Azərbaycan Ordusu döyüşlə həll etdi. 2020-ci ilin 8 noyabrı Zəfər Günü kimi tarixləşdi. Dünyanın aparıcı dövlətləri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Müzəffər sərkərdəliyi ilə Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusunun qüdrətinə heyrətləndi. Bəziləri sevgidən, bəziləri gözgötürməzlikdən.
Ölkə başçısının sərəncamı ilə ruhumuzun şəhəri olan Şuşada möhtəşəm “Xarıbülbül” festivalı keçirildi. Bu festival azərbaycançılığın qüdrəti kimi izlənildi. Festivalda ölkə başçımız dedi: “Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”. Bu fikirlər Azərbaycanın tolerant dövlət olduğunun təsdiqi kimi dərk edildi.
İşğaldan azad edilmiş ərazilərə səfərlərində səfirliklərin rəsmiləri, ayrı-ayrı media nümayəndələri erməni vəhşiliyinin mahiyyətini dərindən dərk etdilər. Gördülər ki, ermənilik bəşərə düşmənçilikdir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri quruculuq, yenidənqurma işlərinin sürətlənəcəyinin təsdiqidir. Ölkə başçısının mayın 28-də Ağdam rayonuna səfəri də bunun təsdiqidir. Səfər zamanı ölkə başçımız diqqəti erməni vəhşiliyinə yönəldərək Ermənistanın niyə münaqişənin sülh yolu ilə həllindən yayındığını belə ifadə etdi: “Baxın, müdafiə xətti, Ağdam şəhərinə qədər düşmənin bir neçə müdafiə xətti var idi”. Azərbaycan ordusu bu sədləri darmadağın etdi.
Azad edilmiş ərazilərimizdə şəhərlər, kəndlər Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə, böyük tarixi şəxsiyyət Heydər Əliyevin ideyalarına böyük sədaqətlə, azərbaycançılığın qüdrəti ilə yenidən qurulacaq.
Ağdam da yenidən qurulacaq, Ağdam yenidən gözəlləşəcək.
Səbinə Xasayeva-Milli Məclisin deputatı