Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Araz və Mil-Muğan su anbarlarının birgə istifadəsinin 50-ci ildönümü qeyd edilib



Newscenter.az.31.05.2021. Araz çayı boyunca inşa edilmiş Araz və Mil-Muğan su anbarlarından birgə istifadə edilməsinin 50 illiyi münasibətilə yubiley mərasimi keçirilib. Azərbaycan və İran İslam Respublikasının hökumət nümayəndələrinin iştirakı ilə təşkil edilmiş mərasim ərazidəki sərgi ilə tanışlıqdan başlanıb. Newscenter.az-a Energetika Nazirliyindən bildirilib ki, tədbirdə Azərbaycan tərəfdən Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov, İran tərəfdən isə Şərqi Azərbaycan vilayətinin valisi Mohammad Reza Pour Mohammadi açılış nitqləri ilə çıxış ediblər. Araz çayı üzərində Azərbaycan və İran tərəfindən tikilərək 1971-ci ildə birgə istismara verilmiş, həcmi 1 milyard 350 milyon kubmetr olan Araz su anbarı, həmçinin “Araz” SES və hər iki ölkənin ərazisində 400 min hektar sahənin suvarılmasını təmin edən Mil-Muğan su anbarının regional əməkdaşlığın inkişafında əhəmyyəti diqqətə çatdırılıb.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov deyib: “Bu gün ölkə prezidentlərinin iradəsinə uyğun olaraq həyata keçirilən birgə layihələr əlaqələrimizi daha da möhkəmləndirir. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Araz və Mil-Muğan su anbarlarının dostcasına birgə istifadəsinin 50 illiyinin xüsusi mərasimlə qeyd edilməsi əlaqələrimizin möhkəm tarixi köklər üzərində daha da inkişafının göstəricisidir.”

Şərqi Azərbaycan vilayətinin valisi Mohammad Reza Pour Mohammadi bildirib: “Bu gün həm mədəni sərvət, həm də bölgə insanları üçün iqtisadiyyatın həyat arteriyası olan, bir çaydan daha üstün məna daşıyan Araz çayı ətrafında toplaşmışıq. Bu çay, geniş əməkdaşlığımız üçün üzümüzə açılan böyük bir dünyanın nümunəsidir. İnşallah ki, sabahın işıqlı günləri üçün əməkdaşlığı davam etdirəcəyik. Dağlıq Qarabağ münaqişəsinin bitməsini və bölgədə davamlı sülhün bərqərar olmasına dair razılıqları nəzərə alaraq bütün ölkələrin əməkdaşlığı üçün yaxşı bir fürsət yaradılıb. Azərbaycanla hər cür əməkdaşlığa hazırıq.”

Tədbirdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov və İran İslam Respublikasının energetika nazirinin su məsələləri üzrə müavini Ghasem Taghızadeh də çıxış edib. Zaur Mikayılov əmin olduğunu vurğulayıb ki, mövcud su ehtiyatlarından daha səmərəli istifadənin təmin olunması, su təminatında yarana biləcək çətinliklərin vaxtında qarşısının alınması və hər iki dövlətin su və enerjiyə olan tələbatının ödənilməsi məqsədilə bu sahədə fəaliyyət bundan sonra da uğurla davam etdiriləcək. Ghasem Taghızadeh isə iki ölkə arasında Araz çayı üzrə əməkdaşlığın və rəğbətli münasibətin bütün dünyada sülh və dostluğun gözəl nümunəsi ola biləcəyini deyib.
Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov da çıxışında Araz və Mil-Muğan su anbarlarını ölkələrimiz üçün sosial-iqtisadi obyektlərdən daha çox uzunmüddətli əməkdaşlıq körpüsü adlandırıb: “Araz və Mil-Muğan su anbarları, “Araz” SES, eləcə də Araz çayı üzərində yeni layihələrin nümunəsində əminliklə deyə bilərik ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə birgə əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir. Yarım əsr ərzində bu infrastrukturlar paritet əsasda hər iki ölkənin maraqlarına xidmət edərək Azərbaycan-İran təcrübəsində transsərhəd sularından istifadənin də örnək modelini formalaşdırıb”.

Nazir Pərviz Şahbazov mürəkkəb bir dövrdə belə strateji əhəmiyyətli layihələrin ərsəyə gəlməsində Ulu Öndər Heydər Əliyevin misilsiz rolunu vurğulayıb. Azərbaycan tərəfi üçün ümumi gücü 22 MVt olan “Araz” SES-in o dövrdə ölkəmizin enerji təminatına mühüm töhfə verdiyini diqqətə çatdırıb. Energetika naziri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionda yeni reallıqlar yaradan siyasəti nəticəsində hazırda Araz çayının su və energetika ehtiyatlarının birgə istifadəsi ilə bağlı əməkdaşlığımız “Xudafərin”, “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları, eləcə də digər layihələrlə genişlənərək yeni inkişaf mərhələsinə daxil olub. “Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi və tarixi sərhədlərinin bərpası ilə regionda yaranmış yeni geosiyasi reallıqlar və təhlükəsiz inkişaf mühiti bu layihələrin icrası istiqamətində maneələri artıq aradan qaldırıb. Bu layihələrin icrası uzaqgörən siyasətin, dəqiq hesablanmış strateji yanaşmanın məhsulu olmaqla bərabər hər iki dövlət üçün Araz çayının əhəmiyyətini daha da artırır. Yaxın gələcəkdə ümumi qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt gücündə “Qız Qalası” su elektrik stansiyaları tikiləcək. Nəticədə biz ildə ümumən 716 milyon kilovat-saat elektrik enerjisi istehsal edə biləcəyik.”

İran İslam Respublikasının energetika naziri Reza Ardakanian deyib: “Araz və Mil-Muğan su anbarlarının istismara verilməsinin 50-ci ildönümü İran və Azərbaycan arasındakı dərin dostluq əlaqələri və əməkdaşlıq münasibətlərini ifadə edir. Şübhəsiz, Araz çayı İran və Azərbaycan arasında hər iki qonşu dövlətin əhalisinin qan damarı kimi ortaq sərhədin mühüm hissəsində sülh və dostluğun simvoluna çevrilib.”

Mərasimdə Araz və Mil-Muğan su anbarlarının istismarı və birgə əməkdaşlıq tarixinə dair hər iki ölkə tərəfindən hazırlanmış qısametrajlı sənədli filmlər nümayiş etdirilib. Yekunda Araz və Mil-Muğan su anbarlarının istismarı üzrə birgə komissiyanın və 50-ci görüşün protokolu imzalanıb.

Sevinc
Xəbəri paylaş