Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağda geniş quruculuq işlərinə ən zəruri infrastrukturun yaradılmasından başlanıb



Newscenter.az.31.05.2021. Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən mühüm əhəmiyyət kəsb edir. Bu bir daha göstərir ki, dövlət başçısı işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı bütün ideya və planlarını sürətlə reallaşdırmaq gücünə qadirdir.

İlham Əliyev qətiyyəti və yenilməz sərkərdə əzmi ilə müzəffər ordumuzun gücünə və xalq-iqtidar birliyinə söykənərək düşməni ildırım sürətilə necə məğlub etdisə, o cür yenilməz ruhla da işğaldan azad edilmiş ərazilərdə sistemli quruculuq işlərinin və yüksək texnologiyaların tətbiqinə başlayıb. İndi az qala bütün dünya həmin ərazilərdə bərpa-quruculuq işlərinin birinci mərhələsinin necə geniş və əhatəli şəkildə vüsət almasına şahidlik edir. Hazırda Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə bərpa-quruculuq işləri həyata keçirməkdədir. Bu işlər çərçivəsində inşasına başlanılan mühüm strateji obyektlərin, müəssisələrin təməlinin Prezident İlham Əliyev tərəfindən şəxsən qoyulması isə görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Bu baxımdan Prezident İlham Əliyevin 28 may tarixində Ağdam şəhərinə səfəri bütün Qarabağda yüksək texnologiyalara start verilməsi baxımından böyük maraq doğurur və xüsusi əhəmiyyət kəsb edir.

Səfər çərçivəsində Bərdə-Ağdam avtomobil yolunun təməlinin qoyulması, eyni zamanda gələcəkdə Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisinin nəzərdə tutulması Qarabağda müasir tələblərə cavab verən yol infrastrukturunun yaradılmasından xəbər verir. Bu layihələr həmçinin işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaqdır. Bununla Azərbaycan həm də quruculuq ənənələrinə, sülhə və əmin-amanlığa sadiqliyini nümayiş etdirir. Özü də qonşu Ermənistanda siyasi qüvvələrin qarşıdurmasının sərtləşdiyi bu zamanda.

Dövlətimizin başçısının işğaldan azad edilən bütün şəhərlərin baş planlarının hazırlandığını bildirməsi yaxın gələcəkdə bu ərazilərdə ciddi şəhərsalma fəaliyyətinə start veriləcəyinin və yerli yol-nəqliyyat infrastrukturunun qurulacağının anonsu kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev həmçinin bərpa olunacaq ərazilərdə müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqi barədə öz fikirlərini bölüşdü. Bu isə dövlətimizin başçısı tərəfindən xalqımızın Qarabağın “ağıllı region” kimi inkişafı ilə bağlı istəklərinə cavab verməsi deməkdir. Bu istiqamətdə işğaldan azad olunan ərazilərdə ekoloji cəhətdən təmiz, bərpaolunan enerji növlərinin yaradılması üçün də geniş imkanlar mövcuddur. Dövlət başçısı bəyan etdi ki, bu torpaqlar “yaşıl enerji” zonası olacaq. Bu yolla ölkəmiz daha geniş aspektdən alternativ enerjinin tətbiqini reallaşdırmış olacaq.

Ümumilikdə isə layihənin spektri çox geniş olmaqla yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji kimi bir sıra zəruri sahələri əhatə edir. Həmçinin şəhərin içində 125 hektarlıq böyük bir meşə zolağı və süni gölün yaradılmasl, kanal və körpülərin salınması gələcəkdə bütün Qarabağ zonasının “yaşıl enerji” zonası olacağından xəbər verir.

Artıq Qarabağ bölgəsində infrastrukturun bərpasına başlanıb. Tezliklə həmin ərazilərdə digər quruculuq-abadlıq işləri və sosial-iqtisadi layihələr də icra ediləcək. Bunun üçün indidən zəruri infrastruktur qurulur ki, bərpa prosesində heç bir problem yaranmasın. İnfrastruktur layihələrinin sürətlə həyata keçirilməsi isə dövlət başçısının bu sahədə işlərin tezliklə başa çatdırılması üçün verdiyi tapşırıqların vaxtında yerinə yetiriləcəyindən xəbər verir.

Anar Məmmədov-Milli Məclisin deputatı
Xəbəri paylaş