Newscenter.az.31.05.2021. Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 31-dən iyunun 4-dək Pakistan İslam Respublikasında işgüzar və rəsmi səfərdə olacaq.
Newscenter.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri Qənirə Paşayeva, Tahir Mirkişili, komitə sədrlərinin müavinləri Məlahət İbrahimqızı, Tahir Kərimli, deputat İlham Məmmədov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Səfər çərçivəsində nümayəndə heyətimiz ölkənin paytaxtı İslamabadda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransında iştirak edəcək, tədbirdə müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək. Konfransda Milli Məclisin Sədri çıxış edəcək.
Burada Milli Məclis Sədrinin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşləri nəzərdə tutulub.
Pakistan tərəfinin dəvəti ilə iyunun 3-dən başlayacaq rəsmi səfər çərçivəsində parlamentin Sədri Sahibə Qafarovanın Pakistan İslam Respublikasının Prezidenti, Baş naziri, Senatın Sədri, Milli Assambleyanın Spikeri və ölkəmizlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşləri gözlənilir.
Səfər çərçivəsində baş tutacaq görüşlərdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf istiqamətləri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığımızın dərinləşməsi barədə fikir mübadiləsi aparılacaq.
Arzu