Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam edir



Newscenter.az.1.06.2021. İşğaldan azad edilmiş ərazilərimizin böyük iqtisadi potensialı və təbii ehtiyatları var: bu ərazilər həm yerli və xarici investisiyaların cəlbi, həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından dövlət siyasətinin bir parçası olacaq. 2016-cı il aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi qısa müddətdə yenidən qurulmuşdur. Bu baxımdan qeyd etməliyik ki, işğaldan azad edilən torpaqların az müddətdə inkişafının uğurlu təcrübələri vardır. Azad edilən rayonlar işğaldan əvvəl üzümçülük, pambıqçılıq, taxılçılıq, heyvandarlıq sahəsində xüsusi paya malik idi. Bu ərazilərin aqrar istehsal və ixrac potensialı kifayət qədər böyükdür.

Şuşa, Füzuli, Kəlbəcər və Zəngilan əraziləri böyük turizm potensialına malikdir. Dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarası Füzuli rayonu ərazisində yerləşir. Bu rayonlarda daxili və xarici turizm imkanları kifayət qədər böyükdür. İsti su mənbələri ilə zəngin Kəlbəcərdə sağlamlıq turizminin inkişaf etdirilməsi, mədəniyyət turizm marşrutlarının bərpa olunması ptioritet istiqamətdir. Təbii sərvətlərin, faydalı qazıntıların işlənilməsi investisiyaların qoyuluşu baxımından böyük perspektiv vəd edir. Son illərdə Azərbaycanın qeyri- neft ixracında qızıl mühüm yer tutur. Həm dünya bazarlarında qızılın qiymətinin yüksəlməsi, həm də bu sahədəki şirkətlərin müasir istehsal texnologiyalarına sahib olması onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərdə qızıl yataqlarının istismarı yaxın illərdə Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcəkdir.

İşğaldan azad olunmuş torpaqlarımızın bərpa prosesində innovativ texnologiyaların tətbiqi müəyyənləşdirilmişdir. Qabaqcıl ölkələrin təcrübəsindən istifadə etməklə həmin ərazilərin tez bir zamanda çiçəklənib, dirçəlib, inkişaf edəcəyinə əminik. Az bir zamanda Qarabağ və bütün işğaldan azad olunmuş ərazilər dirçələcək, bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarına qayıdıb, yaşayıb-yaradacaqlar. Əminik ki, qüdrətli liderimiz Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan daha da qüdrətlənəcək, Qarabağ dünyanın Cənnət məkanına çevriləcək.

Ağayeva Məleykə,
YAP Sabirabad rayon təşkilatının sədri
Xəbəri paylaş