Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan pandemiya ilə mübarizədə qlobal çağırışlarla çıxış edən nadir ölkələrdəndir



Newscenter.az.1.06.2021. Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyası 2021-ci il mayın 24-dən 31-dək virtual şəkildə keçirilib. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun dəvəti əsasında mayın 31-də sessiyanın bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də videoformatda çıxış edib. Sözügedən çıxışında cənab Prezident bir sıra çox önəmli məsələlərə toxundu və Azərbaycanın pandemiya ilə mübarizə, əhalinin kütləvi peyvəndlənməsi sahəsində əldə etdiyi uğurlarından danışdı.

İlham Əliyev eyni zamanda Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın dünya əhalisinin vaksinlə ədalətli şəkildə təmin olunmasının tərəfdarı olduğunu da açıq şəkildə bildirdi. Belə ki, Azərbaycan lideri bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini açıq şəkildə pislədi. Söhbət şübhəsiz ki, özünü supergüc və ya inkişaf etmiş ölkə hesab edən bəzi ölkələrdən gedir. Çıxışında “Peyvənd millətçiliyi” ifadəsini bir daha gündəmə gətirən Azərbaycan Prezidenti qeyd etdi ki, hazırda davam edən “peyvənd millətçiliyi”, eləcə də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Bu, dünya siyasətində qabarıq şəkildə üzə çıxan ədalətsizliyin təzahür formalarından biridir.

İlham Əliyev dünya siyasətindəki mövcud ədalətsizliyə qalib gəlməyin yollarından biri kimi pandemiya ilə mübarizədə qlobal həmrəyliyin strateji əhəmiyyət kəsb etdiyini vurğuladı. Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ edib. Son iki ildə Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış etməsi də göz qabağındadır. Ümumiyyətlə, Azərbaycan pandemiya ilə mübarizədə qlobal çağırışlarla çıxış edən nadir ölkələrdəndir. Əslində Azərbaycanın bu davranışı, bu siyasəti özünün supergüc olması ilə öyünən “G-7” ölkələrinin hər biri üçün örnək olmalıdır. Azərbaycanın inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırması müsbət cavablandırılmalıdır. Bu həm də qlobal ədalət məsələsidir. Hazırda bəşəriyyətin qarşısında duran bu problemin həlli üçün Qoşulmama Hərəkatının sədri kimi təkcə Azərbaycan deyil, böyük dövlətlərin hər biri məsuliyyət daşıyır. Zatən Azərbaycanın BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı irəli sürdüyü qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunub. Yəni ki, Azərbaycan öz üzərinə düşəni artıqlamasilə yerinə yetirib. İndi də son söz dünya birliyinindir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş