Newscenter.az.1.06.2021. Bu gün Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev və Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərdə icrasına başlanılan infrastuktur layihələri ilə yerində tanışlıq məqsədilə Füzuli və Xocavənd rayonlarına birgə səfər ediblər.
Newscenter.az-a daxil olan xəbərə görə, səfər çərçivəsində nazirlər Horadiz-Ağbənd dəmiryolu layihəsi, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihələri, eləcə də Füzuli Beynəlxalq Hava Limanı layihəsi üzrə hazırda görülən və planlaşdırılan işlərlə tanış olublar.
Nazir Rəşad Nəbiyev bildirib ki, bərpa işlərinin görülməsində türk şirkətləri fəal iştirak edirlər, ilk müqavilələr onlarla bağlanıb. Belə ki, türk şirkətləri işğaldan azad olunmuş ərazilərdə əhəmiyyətli infrastruktur layihələrini icra edirlər.
Bu bölgələrə həyat qaytarmaq prosesinə verdiyi dəstəyə görə türk qardaşlarımıza təşəkkürünü bildirən Rəşad Nəbiyev cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş şəhərlərimizə, kəndlərimizə yeni həyat gələcəyinə, sakinlərin rahat yaşaması üçün lazımi şərait yaradılacağına əminliyini ifadə edib.
Nazir əlavə edib ki, biz də öz növbəmizdə nəqliyyat və telekommunikasiya infrastrukturunun müasir əsaslarla qurulması istiqamətində səylərimizi davam etdiririk. Sözsüz ki, qarşıda görəcəyimiz işlər çoxdur.
“Əminik ki, işğaldan azad edilmiş ərazilərimizdə dayanıqlı məskunlaşma üçün əlverişli infrastrukturun yaradılması, eyni zamanda insanların rahat yaşaması və müasir xidmətlərə əlçatanlığın təmin edilməsi prosesi bütün mərhələlərdə uğurla həyata keçiriləcək”, - deyə Rəşad Nəbiyev qeyd edib.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib ki, qardaş ölkələr olan Türkiyə ilə Azərbaycanın əməkdaşlığı günü-gündən güclənir. Qarabağın yenidən qurulması üçün zəruri avtomobil və dəmir yolu nəqliyyatı üzrə vacib danışıqlar aparırıq.
Adil Karaismailoğlu əlavə edib ki, bu yerləri nəqliyyat və logistika baxımından dünyanın ən əhəmiyyətli mərkəzlərindən birinə çevirəcəyik.
“Türkiyə ilə Azərbaycanı ən keyfiyyətli, rahat və təhlükəsiz yollarla birləşdirməyə çalışırıq”, - deyə türkiyəli nazir vurğulayıb.
Sevinc