Newscenter.az.1.06.2021. Mayın 31-dən 3 ay (iyun, iyul, avqust) müddətində üzərində Azərbaycanın və Qarabağın gözəl guşələrinin, Şuşa, Ağdam şəhərlərinin reklamı yapışdırılmış 16 nömrəli tramvay Niderland Krallığının ikinci adminstrativ paytaxtı olan Haaqa (Den Haag) şəhərində reysə çıxıb. Newscenter.az xəbər verir ki, bu reklam aksiyasını “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi AR Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirib.
“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevadan aldığımız məlumata görə, 16 nömrəli tramvay Haaqa şəhərinin demək olar çox hossəsindən, xüsusilə də turistlərin çox olduğu, mərkəz, Parlament binası, Sülh sarayı, mərkəzi qatar vağzalı olan küçələrdən və eləcə də, yayda insanların axışdığı çimərlikdən də keçir. Hazırda Niderlandda koronavirus vaksinasiyalarının sürətlə getməsilə əlaqədar böyük yumşalmalar olub və hər yer, o cümlədən çimərlik də açılıb.
Reklam şəkillərində Azərbaycanımızın gözəl guşələrini və gözəlliklərini turistlərin və yerli əhalinin diqqətinə çatdırır, maraqlananlara QR kodu ilə ətraflı məlumat almaları üçün şərait yaradılıb. Düşünürəm ki, müharibə bitdikdən sonra artıq Azərbaycanımızı gözəllikləri ilə tanıtmalıyıq, xüsusilə də mədəniyyəti və turizmi ilə. 2 gün öncə də birliyimizin təşəbbüsü ilə belə bir reklam Niderlandın ən böyük qəzetlərindən biri olan AD ( Algemeen Blad) qəzetində çap edilmişdi.
NEWSCENTER.AZ