Newscenter.az.1.06.2021. Qarşıdakı 20 gün ərzində Azərbaycanın gələcək siyasətinin müəyyənləşməsinə çox ciddi təsir edəcək önəmli hadisələr yaşanacaq: iyunun 14-də Brüsseldə keçiriləcək NATO-nun Zirvə görüşünə qatılmaq üçün Avropaya gələn ABŞ prezidenti Bayden əvvəlcə Türkiyə prezidenti Ərdoğanla, iyunun 16-da Cenevrədə isə Rusiya prezidenti Putinlə görüşəcək.
Xatırladaq ki, Baydenin görüşünün planlaşdırıldığı bu iki prezident – Ərdoğan və Putin Azərbaycan üzərində ittifaq əldə edərək, Qarabağ məsələsində bütövlükdə Qərbi oyundankənar duruma salıblar və rus hərbçilərinin sülhməramlı adı altında bölgəyə yerləşməsini təmin ediblər, üstəlik, Ağdamda atəşkəsə nəzarət edən Monitorinq Mərkəzində birgə fəaliyyət göstərirlər...
İndi Baydenin Azərbaycan üzərində qurulmuş bu rus-türk ittifaqını pozmağa çalışacağı, yoxsa Rusiya-Türkiyə əməkdaşlığına Cənubi Qafqazda sabitlik yaradacaq yeni imkan kimi baxacağı məhz bu görüşlərdə aydınlaşacaq.
İyunun 18-də Azərbaycanın cənub qonşusunda - amerikalıların yenidən dialoqa başlayacaqları İranda prezident, iyunun 20-də isə Azərbaycanın məğlub etdiyi Ermənistanda parlament seçkiləri olacaq...
Bu səbəbdən qarşıdakı iki həftə ərzində həm ölkənin içərisində, həm də dövlətlərarası münasibətlərdə açıq şəkildə gərginlik yaratmağa və təfriqə salmağa hesablanmış addımlara qarşı həssas olmalı, belə təşəbbüs və cəhdlərin qarşısı dərhal alınmalıdır!
Türkiyədə mafiya başçısı Sədat Pekərin amerikalıların nəzarəti altındakı BƏƏ-də yerləşərək Ərdoğan hakimiyyətini silkələyən açıqlamalarla çıxış etməsi, eləcə də türk lirəsinin sürətlə dəyərdən salınması göstərir ki, Baydenlə görüş ərəfəsində prezident Ərdoğan çox ciddi təzyiq və basqı altındadır, ondan hansı məsələlərdəsə geri çəkilmək istənir...
Yenə də ABŞ və Avropa ölkələrində yerləşmiş və əsasən bu ölkələrin xüsusi xidmət qurumlarına bağlı azərbaycanlı mühacir şəbəkənin də fəallaşdırılması, Əliyev iqtidarına qarşı söyüş və təhqir kampaniyasının genişləndirilməsi və etiraz aksiyalarına çağırışların gücləndirilməsi, paralel şəkildə erməni lobbisinin Avropa strukturlarının əliylə təzyiqləri artırması göstərir ki, eyni qaydada prezident İlham Əliyev də xaricdən böyük basqı altındadır və onu da hansısa mövqedən çəkindirməyə cəhdlər var...
Şübhəsiz ki, belə bir həssas durumda Azərbaycanın içərisində öz maraqlarını dövlət və millət maraqlarından üstün tutan bəzi siyasətçilərimizin, media təmsilçilərimizin MHP lideri Baxçalının məlum açıqlamasını əsas götürərək, Türkiyə-Azərbaycan münasibətlərində gərginlik yaradan fikirlərlə çıxış etmələri, qəsdən Azərbaycanla Türkiyə arasında ziddiyyətlərin olduğu rəyinin formalaşdırılması qətiyyən xoşagələn deyil, yolverilməzdir və qınanılmalıdır.
Dövlətini, millətini düşünən kəs ölkənin taleyinin ortada olduğu belə həssas şəraitdə xaricdəki düşmənlərin əlinə oynamaz!
Elxan Şükürlü-politoloq