Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ədliyyə naziri Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşüb



Newscenter.az.2.06.2021. Ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Newscenter.az xəbər verir ki, Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu vurğulayan nazir dostluq və qardaşlıq münasibətlərimizin ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsipi ilə uğurla inkişaf etdiyini, əlaqələrimizin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna rolunu qeyd edib. Bildirib ki, dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə qədər dünyada bir-birinə yaxın olan ikinci ölkə yoxdur. 44 günlük Vətən müharibəsində Türkiyə Prezidenti başda olmaqla türk xalqı Azərbaycanın yanında olaraq ilk gündən qardaş ölkənin bütün yüksək rəsmi şəxsləri, o cümlədən ədliyyə naziri Abdulhamit Gül Azərbaycana mənəvi və siyasi dəstəyini ifadə ediblər.

Türkiyənin Baş prokuroru ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə edərək Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı təbrik edib, müharibə dövründə azərbaycanlı həmkarları ilə daim təmasda olduğunu və hadisələri yaxından izlədiyini söyləyib, Azərbaycanın zəfərindən çox şad olduğunu qeyd edib. Bildirib ki, Azərbaycanın sevinci bütün türk xalqının sevincidir.

Görüşdə zəngin müqavilə-hüquq bazasına söykənən əlaqələrin inkişafı, iki ölkənin məhkəmə, ədliyyə və prokurorluq orqanlarının ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığı və gələcək perspektivlər vurğulanıb, səfərin qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə əlavə təkan verəcəyinə əminlik ifadə olunub.

Sevinc
Xəbəri paylaş