Newscenter.az.2.06.2021. İyunun 2-də Milli Məclisin Sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Pakistanda keçirilən İkinci Ümumi Konfransı çərçivəsində Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla görüşüb.
Newscenter.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, görüşdə beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə münasibətlərin dərinləşməsi, parlamentlərarası əlaqələrin gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı iki qardaş ölkənin spikerləri regional əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.
TBMM sədri Mustafa Şentop 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi möhtəşəm Qələbə münasibətilə bir daha təbriklərini çatdırıb.
Milli Məclisin Sədri Sahibə Qafarova öz növbəsində Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə Türkiyə tərəfinə minnətdarlığını ifadə edib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Arzu