Newscenter.az.2.06.2021. Dünən Gürcüstan baş naziri İrakli Qaribaşvili Türkiyəyə səfər edib. Bu səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan baş naziri birgə mətbuata müsahibə veriblər. Bu müsahibə zamanı Türkiyə və Gürcüstan liderləri qarşılıqlı əlaqələrin inkişaf perspektivləri haqqında danışıblar. Bu müsahibə zamanı diqqəti çəkən ən maraqlı məqamlardan biri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstanın ərazi bütövlüyünə açıq şəkildə dəstək verib, Abxaziya və Cənubi Osetyanın Gürcüstanın suveren ərazisi olduğunu bildirməsi oldu.
Təbii ki, Ərdoğanın öncə NATO sammitində iştirak etmək üçün Brüsselə, oradan isə Azərbaycana, xüsusilə də Şuşaya səfər edəcəyini nəzərə alsaq bu sözün işlənməsinin çox böyük əhəmiyyəti olduğunu demək mümkündür.
Azərbaycana gəlişi ərəfəsində Ərdoğanın bu ifadəni içlətməsini təsadüfi hesab etmək olmaz. Dəfələrlə Rəcəb Tayyib Ərdoğanın dilindən həm Ukraynanın, həm də Gürcüstanın ərazi bütövlüyünə verilən açıq dəstəyin arxasında Rusiyaya təziq dayandığını hesab edirəm. Ərdoğan bununla Rusiyaya mesaj verir ki, mənə yaxın olan dövlətlərdə, xüsusilə Azərbaycan kimi qardaş dövlətlərdə hər hansı gərginlik yaradarsansa, sözügedən dövlətlərə dəstəyi daha da artıracam.
Bu isə, Rusiya üçün regionda və dünyada iqtisadi baxımda strateji tərəfdaşlarından biri hesab edilən Türkiyədən dəstəyin itrilməsi deməkdir.
Rəcəb Tayyib Ərdoğanın bu fikirlərinin arxasında həm də o ifadə dayanır ki, Türkiyə regionda əsas söz sahibi və oyunçudur. Hər kəs istəsə də, istəməsə də onunla hesablaşmağa məcburdur.
Samir Hümbətov-siyasi şərhçi