Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aygül Bağırova yazır: "İnsanların ən böyük zəfəri dünyaya İnsan gəlməkdir"



Newscenter.az.4.06.2021. Bizim bu dünyaya gəlməyimizə görə də bu aləmə, aləmi Yaradan "Ol"! - deyib. Hərəkətə gətirənə, zamanı çalışmağa başladana şükür deməliyik, təşəkkür eləməliyik. Biz hər birimiz minlərdən, bəlkə də milyonlardan seçilib gəlmişik. Ömür adlı gözəl, şirin, elə o qədər də acı-çətin bir səfərə çıxmışıq. Ən çətin mərhələni artıq keçmişik. Yəni biz yer üzündəki hər hansı canlılardan biri də ola bilərdik. Amma biz yer üzündəki canlıların ən alisi - İnsan kimi gəlmişik. Qədəri alnına yazılmış, ünvanı əl barmaqlarının ucunda göstərilmiş, hətta ölümü də özü ilə bir vaxtda dünyaya gəlmiş İnsan kimi....

Dünyaya gələn insanın başdan-ayağa bir möcüzə olduğunu anladaq. Biz öz bədənimizin bütün əzalarını düzgün istifadə etsək, əzalar azı iki yüz il bizə xidmət edə bilər. Öz beynimizin bütün imkanlarından istifadə edə bilsək, beyin gözü ilə yaxın planetləri səyyahət edə bilər. Sinənmizdəki yumruq boyda ürək bütün bədənin hər zərrəsini fasiləsiz qanla qidanlandırır, ömrü boyu da qidalandıracaq. O qan da adi deyil, o qanda əcdadının qan yaddaşı yaşayır. Hələ gəldiyin bu dünya, bu Yer kürəsi... Allah onu cənnət yaradıb bizə verdi. Ayağının altındakı torpaq, sənin iki ayağının izi altında qalan torpağı əksən, becərsən, bacarsan səni ömrün boyu yedirtməyə qadirdir. Sənin yalnız özünü öyrənmyə, özünü hazırlamağa, imkanlarını açmağa, bir ən uzun insan ömrü də azdır.

Sən yer üzünə Allahın göndərdiyi paysan. Bütün imkanlarını açmağa insanlara paylaşmağa çalış. Bəlkə bizə heç belə bir imkan bir daha verilmədi. Məsələ burdadır ki, biz hamımız belə bir sərvətə malikik. Amma bundan xəbərimiz yoxdur. Çünki özümüzü tanımırıq. Biz birinci növbədə özümüzü öyrənməliyik, özümüzü öyrətməliyik. Biz ömür adlı uzaq bir səfərdəyik....

Bizim, yəni İnsanların ən böyük zəfəri dünyaya İnsan gəlməkdir, ömrümüz boyu bu insanlığı qoruyaq, saxlayaq, çalışaq dünyadan da insan kimi, bu "böyük ada" layiq olub gedək. Bu həm asandır, həm də çətin. Asandır ona görə ki, sənin əqidən, düşüncən, vicdanın nəyi istəsə, enerjin onu yerinə yetirmək imkanına malikdir. Bizə artıq məlumdur ki, hər bir canlı öz tutumu həcmində enerjidir.

Nə gizlədim, hərdən üzümü göyə tutub soruşmaq istəyirəm: Allahım, Adəmlə, Həvvanı sözündən çıxdıqlarına görə Yer kürəsinə sürgün elədin. İndi bu planetdə altı milyarddan çox insan yaşayır. Yer daraldıqca qılıq da daralır, müharibələr, qırğınlar bir yandan, sellər, tufanlar, yanğınlar da bir yandan. Yerin cazibəsindən də çıxıb qaçmağa qoymursan. Anlayıram, bizim beynimizdə burdan getməyin açarını gizlətmisən. Ağlımızın gözünə pərdə çəkmisən, o açarı tapa bilmir, görə bilmir. Kainatda sayagəlməz qədər səyyarələr var. Çoxu insansızdır, bir çoxu da tam boşdur. İzin ver gedək yaşayaq. Bilirəm, deyəcəksən "Mən səni azad yaratmışam. Səndə ulduzları gəzmək üçün hər şey var. Çalış uç! Get! Yaşa! Mən hər kəsə hər şey vermişəm. Hər kəs layiq olduğu qədər istifadə edə bilir. Mən "Ol" dedim, zaman çalışmağa başladı. İkinci sözü siz deyəcəksiniz. Görək nə, ya kim olacaqsınız".

Hər halda mən bu yazıda dediklərimi aksioma saymıram. Bu istiqamətdə də düşünmək lazimdir.......

Aygül Bağırova

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" media mükafatı laureatı
Xəbəri paylaş