Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Benzinin qiymətinin qalxması ərzaq məhsullarının bahalaşmasına təsir etməyəcək



Newscenter.az.4.06.2021. Son zamanlar ölkəmizdə gündəmdə olan bir mövzuya aydınlıq gətirmək istərdim. Mövzu isə, Azərbaycanda Aİ-95 (“Premium”) və Aİ-98 (“Super”) markalı avtomobil benzininin bahalaşmasıdır.

Əvvəla onu qeyd etmək lazımdır ki, bahalaşma ölkədaxili təşəbbüsün nəticəsi deyil. Benzinin qiymətinə təsir edən xarici amillər nəzərə alınmalıdır. Yüksəkoktanlı benzin ölkə daxilində istehsal olunmur, ölkəyə idxal olunur – qiymət idxal edilən ölkələrin, yəni beynəlxalq bazarın qiymətlərindən asılıdır. Bahalaşma bu markalı benzinin xaricdən alış qiymətinin artmasının nəticəsidir. Benzin istehsalı ilə məşğul olan ölkələrin ixrac siyasətinin dəyişməsi qiymətlərin bahalaşmasının əsas səbəbidir. Ölkə daxilində bu benzin növlərinin qiymətinin artımı dünya bazarında yüksəkoktanlı yanacağın bahalaşması ilə birbaşa əlaqədardır. Beləliklə, dünyada neft məhsullarının bu növünün qiyməti artdıqca, Azərbaycanda da qiymət artır, azaldıqca – azalır. Məsələn, pandemiyadan əvvəl Aİ-95-in bir litrinin qiyməti 1,5 manat idi, daha sonra, pandemiya dövründə 1,2 və 1,1 manat oldu. İndi isə dünyada qiymət artıb və bununla əlaqədar olaraq idxal edilən benzin növlərinin qiyməti Azərbaycanda da yüksəlib. Bəzən insanlar bu cür dəyişikliklərə çox kəskin reaksiya verirlər. Lakin gördüyünüz kimi ölkədə baş verən hər bir hadisənin rasional cavabı mövcuddur. Sadəcə olaraq bir məlumatı öyrəndikdə sonra kiçik bir araşdırma etmək gərəkdir. Kiçik araşdırmadan sonra baş verən hadisənin daha detallı baş vermə səbəbini aşkarlaya bilərsiniz. Qeyd etdiyim bu səbəbdən başqa da digər ehtimal olunan variantlar mövcuddur. Dünya yanacaq bazarındakı dəyişikliklər bəzən qlobal siyasi proseslər ilə izah olunur. Dünyada gedən siyasi proseslər, münaqişələr, İran ətrafında gedən proseslər, Rusiya-ABŞ münasibətlərinin gərginləşməsi, dünyada yüksəkoktanlı benzinə olan tələbat və bir sıra digər geosiyasi amillər dünya bazarında neft və neft məhsullarının qiymətinə bilavasitə təsir edə bilir.

İnanın ki, ölkə iqtisadiyyatının dünyadakı benzin qiymətlərindən asılılığının azaldılması Azərbaycan hökumətinin tam olaraq diqqət mərkəzindədir. Hər bir şeydə olduğu kimi bu problemin də həll olunması üçün zaman tələb olunur. Beynəlxalq yanacaq bazarındakı qiymət dəyişikliklərindən asılılığı azaltmaq üçün Azərbaycanda yeni zavodların inşası nəzərdə tutulub. Heydər Əliyev adına NEZ-də aparılan modernizasiya nəticəsində 2022-ci ildən sonra ölkəmizdə Aİ-95 markalı benzinin istehsalı mümkün ola bilər. Belə olduğu halda, bu benzinin idxalından asılılığımızı azalda və yaxud ümumiyyətlə aradan qaldıra bilərik. Dövlət öz siyasətinə uyğun olaraq qiymətləri tənzimləyə biləcəkdir. Həmçinin qeyd etmək istərdim ki, qiymətlərdə baş vermiş dəyişikliklər böyük bahalaşma sayıla bilməz. Bahalaşma təqribən 12% təşkil edir ki, bu da dünya yanacaq bazarında olan dəyişikliklər fonunda böyük bahalaşma kimi dəyərləndirilə bilməz. Bu bahalaşmaya baxmayaraq Azərbaycanda benzinin qiyməti qonşu ölkələrlə müqayisədə aşağıdır. Qonşu ölkələrdən Gürcüstanda 95 oktanlı benzinin satış qiyməti 1,75 AZN, 98 oktanlı benzinin satış qiyməti isə 1,82 AZN-dir. Türkiyədə bu qiymət müvafiq olaraq 1,94 AZN və 2 AZN təşkil edir. Ukraynada da bu növdə avtomobil benzinlərinin satış qiyməti 2 AZN-dir. Azərbaycanda istehsal olunan benzinin qiyməti dünya bazarındakı qiymət streslərindən nisbətən sığortalıdır. Azərbaycanda əsas istifadə edilən yanacaq növləri dizel və Aİ-92 benzinidir. Bunlar ölkə daxilində istehsal olduğuna görə, onların qiymətini dövlət özü tənzimləyir. Öncədən qeyd etdiyim kimi cəmi 1 ildən sonra digər benzin markalarınıda ölkəmiz daxilində istehsal etməyə başlasaq, qiymətlər indiki ilə müqayisədə yetərincə ucuz olacaq. Həmçinin düşünürəm ki, Bahalaşma ölkə iqtisadiyyatına təsir etməyəcəkdir. Azərbaycanda yüksəkoktanlı benzinə olan tələbat cəmi 5 faizdir. Sözügedən markalı yanacaqlardan əsasən mühərrikləri güclü olan bahalı maşın sahibləri istifadə edirlər. Ona görə də, bu markalı benzinlərin bahalaşması orta təbəqənin gəlirlərinə və ya ərzaq məhsullarının bahalaşmasına təsir etməyəcək.


Eldəniz Səlimov-Milli Məclisin deputatı
Xəbəri paylaş