Newscenter.az.5.06.2021. İnsanların vəhşicəsinə qətlə yetirilməsi ilə nəticələnən, bəşəri cinayət hesab edilən terror aktları beynəlxalq aləmdə böyük hiddət doğurur. Ona görə də bu gün bütün dünyada hamı üçün, hətta ən qüdrətli, güclü dövlətlər üçün də real təhlükə mənbəyinə çevrilmiş terrorizmin qarşısını almaq müşkül məsələyə çevrilib. Biz bunu Ermənistanın timsalında açıq şəkildə görürük.
Erməni terroru....
Azərbaycan xalqı 200 il ərzində erməni millətçi şovinistlərinin davamlı olaraq etnik təmizləmə, ağlasığmaz terror aktlarına və soyqırımı siyasətinə məruz qalmış, günahsız insanlar, qocalar, uşaqlar, hətta hamilə qadınlar insanlığa sığmayan amansızlıqla, qəddarlıqla qətlə yetirilmiş, dəhşətli işgəncələrə məruz qalmışlar.44 günlük zəfər müharibəsindən sonra rəsmi İrəvanın 10 noyabr bəyannaməsindən indiyə kimi minalanmış ərazilərin xəritələsini özündə saxlaması Ermənistanın məkrli siyasətindən və çirkin niyyətindən xəbər verir.Lakin nüfuzlu beynəlxalq qurumlar və qüdrətli dövlətlərin, erməni terror təşkilatlarının törətdiyi vəhşiliyə, eləcə də minalanmış ərazilərin xəritələrinin verilməməsi ilə bağlı hansısa ciddi bir mövqeyinə rast gəlmirik.Burada bir çox məsələlərdə olduğu kimi, ikili standartların, qərəzli yanaşmanın şahidi oluruq.Nə qədər ki, dünya siyasətində ikili standartlar mövcuddur, nə vaxta qədər işğalçı, terrorçu öz adıyla çağırılmayıbsa, təcavüzkara təcavüzkar deyilməyibsə, erməni terrorundan qorunmaqdan söhbət gedə bilməz.
Müharibələr tarixinin ən acınacaqlı statistikalarından biri mülki şəxslərin minalardan əziyyət çəkməsidir. Təbii ki, burada məqsəd mümkün qədər çoxlu sayda mülki şəxslərin həlak olmasıdır. Bizə düşmən kimi baxan yaralı, ordusunun 90 faizi məhv edilmiş bir dövlət Azərbaycanın qələbəsini hələ də həzm edə bilmir.Tarixin hansı səhifəsini vərəqləsək, ermənilərin səbəbkarı olduğu təxribatların və ya qanlı hadisələrin izini görmək olar. Türklərə nifrət və xəyali "Böyük Ermənistan" naminə əllərini dönə-dönə qana bulayan ermənilər kin qoxuyan əqidələrini nəsildən nəsilə ötürürlər. Ancaq bu cür xəstə psixologiya ilə yetişən adamlar ağlasığmaz vəhşiliklərə və qəddarlığa əl ata bilər.Hərb meydanında məğlub olan, darmadağın edilən Ermənistan indi bu kimi rəzil vasitələrlə Azərbaycanın itkilər verməsinə cəhdlər edir.Təəssüf ki, bu cür kütləvi psixoza mübtəla olan xalqlardan biri də məhz bizim qismətimizə düşüb.
Dünən Kəlbəcər rayonunda xidməti vəzifəsini yerinə yetirərkən mina partlayışı nəticəsində Azərtac İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov həlak oldular.Təəssüflər olsun ki, hadisədən bir gün keçməsinə baxmayaraq, heç bir beynəlxalq qurumdan Ermənistanı pisləyən açıqlama yoxdur. Bəynəlxalq təşkilatların baş verən hadisəyə laqeyd münasibəti Ermənistanı daha da arxayınlaşdırır və cəsarətləndirir. Bu gün terrora qarşı hamı bir nəfər kimi ayağa qalxmalıdır.
Əminəm ki, Azərbaycanın haqq səsini eşidən olmasa da,Azərbaycan güclü dövlətdir və onun istənilən zaman düşmənə sarsıdıcı zərbələrlə cavab vermək iqtidarında olan qüdrətli ordusu var.
Allah şəhidlərimizə rəhmət eləsin, yaralarımızın tez bir zamanda sağalmasını arzu edirəm.
Aygül Bağırova
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" media mükafatı laureatı