Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jurnalisit qatili Ermənistanın yeni məkrli planı



Newscenter.az.6.06.2021. Ölkə başçısının dəstəyi ilə işğaldan azad edilən ərazilərimizə yerli və xarici media mənsublarının tez-tez səfər etməsi, işğal dövrünün reallıqlarını işıqlandırması görünür erməniləri ciddi narahat edib. Bunun nəticəsidir ki, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən yerləşdirilən minaya düşərək həlak oldu.

Əvvəla, onu qeyd etmək lazımdır ki, jurnalistlərimizin həyatını itirməsi heç də təsadüfi bir qəza və ya ehtiyatsızlıq deyildi. Çünki bu gün işğaldan azad edilən ərazilərimizdə ilk növbədə minaların təmizlənməsi işləri aparılır. Minalardan təmizlənən ərazilərə isə yerli və xarici media mənsublarının girməsinə icazə verilir. Yəni jurnalistlərin çəkiliş üçün gedəcəyi bir məkanın və yolun təhlüksəzliyi əvvəlcədən təmin edilir. Yəni Sirac Abışov və Məhərrəm İbrahimovun həyatını itirdiyi yolda mina olmamalı idi.

Necə oldu ki, jurnalsitlər Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən yerləşdirilən minaya düşərək həlak oldu?

Bu sualın cavabı iki versiyada gizlidir:

Birincisi, jurnalistlərin həyatını itirdiyi yoldakı minalar ermənilərə Kəlbəcər rayonundan çıxmaq üçün verilən möhlət ərzində yerləşdirilib.
İkincisi, jurnalistlərin keçəcəyi yola mina bir neçə gün öncə və ya bir gün öncədən yerləşdirilib.

Birinci ehtimal nə qədər məntiqli görünsə də düşünürəm, real deyil. Yəni bəli ermənilər böyük ehtimalla Kəlbəcərdən çıxmaq üçün onlara verilən möhlətdən ərazini yandırıb, yaşayış məskənlərini dağıtdıqları kimi ərazini minalamaq üçün də istifadə etmiş ola bilər. Ancaq Sirac Abışov və Məhərrəm İbrahimovun həmin vaxtan qalan minanın partlaması nəticəsində həyatını itirdiyini düşünmürəm. Çünki mərhum jurnalistlərin keçdiyi o yol ordumuz tərəfindən azı 3 4 bəlkə də daha çox yoxlanılmalı idi.

Bu zaman ikinci versiyanın həqiqət yükü daha artır. Çox güman ki, erməni diversantları gizli yerüstü yollarla və ya yeraltı tünellərlə bir neçə gün öncə ya da elə jurnalistlərin səfərindən bir gün öncə ərazimizə keçib və yolu minalayıb. Son günlər ordumuz tərəfindən ələ keçirilən erməni diversanlatlarından da görünür ki, düşmən xüsusilə sərhədlərin delimitasiya və demarkasiya işlərinin getdiyi Kəlbəcər ərazilərdə xeyli aktivləşib. Buradan belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov məqsədli surətdə Ermənistan Respublikasının diversiya qrupları tərəfindən öncədən təmizlənən bir yolun minalanması nəticəsində həyatını itirib.

Jurnalist qatili Ermənistanın vermək istədiyi mesaj

Düşmən Sirac Abışov və Məhərrəm İbrahimovun ölümü ilə beynəlxalq və yerli jurnalistlərin işğaldan azad edilən ərazilərimzə gəlməsinin, işğal dövrünün reallıqlarını işıqlandırmasının qarşını almaq istəyir. Çünki jurnalistlərin işğal dövrünün realıqlarını işıqlandırması erməni dezinformasiya maşının bu gün yaydığı yalanları, tarixi reallıqları təhrifetmə səylərini kökündən baltalaya bilər. Bundan əlavə, jurnalistlər ermənilərin məzlum, yazıq, zorakılığa məruz qalmış obrazının ardındakı qatil, vandal sifətini də gün üzünə çıxara bilər.

Düşmən həm də işğaldan azad edilən ərazilərimizin təhlükəli bir yer olduğu eyforiyasını yayaraq yerli, xüsusən də xarici media mənsublarını qorxutmaq istəyirlər. Lakin düşmənin hesablamadığı bir məqam var ki, biz bir ölüb, min dirilən bir xalqıq. Xarici media mənsubları qorxub işğaldan azad edilən ərazilərə gəlməsə belə yerli media mənsubları bir nəfər kimi ordumuzun qanı bahası ilə azad edilən ərazilərimizə yenə də gedəcək, çəkilişini edəcək və dünyaya erməni yalanlarını, Azərbaycan həqiqətini təqdim edəcək.

Turan Rzayev- Atlas Araşdırmalar Mərkəzinin siyasi eksperti
Xəbəri paylaş